Mədəniyyət Nazirliyində mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsi üzrə mütəxəssislərlə hesabat və planlaşdırma görüşü keçirilib.
Fevralın 16-da nazir müavini Səadət Yusifovanın iştirakı ilə gerçəkləşən görüşün məqsədi 2023-cü il ərzində MYS-nin inkişafı istiqamətində görülmüş işlər üzrə yekun nəticələrin təqdim edilməsi, bu sahədə mövcud olan çətinliklər barədə fikir mübadiləsinin aparılması, həmçinin 2024-cü il üçün planlaşdırılan layihə və tədbirlərə dair məlumatların, müvafiq tövsiyə və tapşırıqların verilməsi idi.
Öncə Mədəniyyət Nazirliyi tərəfindən MYS sahəsində 2023-cü ildə görülən işlərə dair hesabat təqdim olunub. Bildirilib ki, ötən il ümumilikdə 15 min nəfərin qatıldığı 30 layihə həyata keçirilib, 8 yerli təhsil proqramına start verilib, 20-dək yeni biznes subyektinin formalaşdırılmasına dəstək göstərilib.
Daha sonra “CulTech” (mədəniyyət sahəsində startaplar), “GameTech” (oyun texnologiyaları), reklam, dizayn, film, animasiya, yumor, musiqi və media sahələrində fəaliyyət göstərən mütəxəssislər təqdimatlar edib, 2024-cü il üçün tədbirlər planına dair təkliflərini səsləndiriblər.
Qeyd olunub ki, bu il üçün əsas hədəflər sırasında layihələrə daha çox iştirakçı və tərəfdaşların cəlb olunması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, ekosistem oyunçuları arasında şəbəkələşmə prosesinin davam etdirilməsidir.
Görüş MYS sahəsində iştirakçıları maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.