Azərbaycan Turizm İnstitutuna 2013/2014-cü tədris ilində ali təhsilin bakalavr pilləsi üzrə qəbul yerləri dolub. Bu barədə qəzetimizə məlumat verən ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki, ali təhsil ocağına 11 ixtisas üzrə 375 tələbə qəbul olunub.
   
   Qeydiyyatdan 369 nəfərin keçdiyini deyən prorektor bildirdi ki, tələbə adını qazanmış digər 6 nəfər çox güman ki, dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa gedib: «Bəzən təhsil haqqını ödəyə bilməyən tələbələr də olur. Onlar bu səbəbdən qeydiyyatdan keçə bilmirlər. Magistraturaya da plan yerimiz dolub. Amma burada da qeydiyyatdan keçməyənlər var. Doktorantura üzrə isə 29 qəbul planı AMEA-ya təqdim edilib, qəbul planının təsdiq edilməsi və cari ilin sonunda imtahanların keçirilməsi nəzərdə tutulur».
   Eldar Aslanov bildirdi ki, bakalavr pilləsi üzrə qeydiyyatdan keçən 369 tələbədən 218-i dövlət sifarişi əsasında, 151-i isə ödənişli əsaslarla təhsil alacaq: «Tələbələrdən 26 nəfəri məcburi köçkündür. Azərbaycan sektoruna 300, rus sektoruna 49 tələbə qəbul olub. Bu ildən biz ingilis dilində turizm və hotelçilik ixtisasını açmışıq. Bu ixtisas üzrə də 20 tələbə qəbul olub. Qəbul olanların 46 faizinin balı 400-dən yuxarıdır. Dörd tələbə 600-dən çox bal toplayıb, balı 250-dən az olan tələbələrin sayı isə cəmi 5 nəfərdir».
   Həmsöhbətimiz onu da qeyd etdi ki, ümumi keçid balının TQDK tərəfindən aşağı salınmasına baxmayaraq, ATİ-də də keçid balları keçən illə müqayisədə 11 ixtisasdan yalnız 4-də - menecment, marketinq, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarında cüzi olaraq aşağı düşüb: «Sevindirici haldır ki, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında keçid balı keçən il 396-dan 401-ə, bu il isə 401-dən 473-ə yüksəlib. Azərbaycan bölməsi üzrə orta keçid balı 333-dən 337-yə yüksəlsə də, rus sektorunda, təəssüf ki, 351-dən 280-nə enib. Ölkədə rus sektorunda orta təhsilin ümumi səviyyəsinin aşağı düşməsi burada da özünü göstərir. Qəbul olanların xarici dil bilmə səviyyəsi dil kafedraları tərəfindən yoxlanılıb və rus və ingilis dilləri üzrə səviyyə qrupları yaradılıb. Tələbələrin rus dili səviyyəsi çox aşağıdır».
   Tədris qaydalarından danışan prorektorun sözlərinə görə, Turizm İnstitutu Azərbaycanda dövlət ali təhsil müəssisələri arasında az sayda ali məktəblərdəndir ki, burada 2-ci, 3-cü və 4-cü kurslarda bütün fənlər üzrə müəllimləri tələbələrin özləri seçirlər. Bir fənn üzrə onlara ən azı üç müəllim təklif edilir. Tələbələr həmin müəllimlərin tərcümeyi-halı, ötən illərdəki pedaqoji təcrübəsi ilə yaxından tanış olurlar.
   Həmsöhbətimiz təhsil haqlarının ödənilməsindən də danışdı. Bildirdi ki, üç il əvvəl ali təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı dövlət başçısının imzaladığı fərmanla institutda vauçer sistemi tətbiq olunur: «Dövlət, məsələn, turizm və hotelçilik üzrə nə qədər sifariş verəcəyini müəyyənləşdirir və bu say da Təhsil Nazirliyi və müvafiq sahə nazirliyi ilə razılaşdırılır. Tutaq ki, 50 yer müəyyənləşdirilir. Bu 50 yerin təhsil haqqını ali məktəbə dövlət verir. Qalan yerləri isə ali məktəb özü bazarın tələblərinə uyğun müəyyənləşdirir. Dövlət tələbənin təhsil haqqını 8 semestr, yəni 4 il üçün ödəyir. Əgər tələbə ali məktəbi bu müddət ərzində bitirə bilmirsə, daha çox müddətə oxuyursa, qalan illərin təhsil haqqını özü ödəyir. Ödənişli təhsildə də qaydalar təxminən buna uyğundur. Kəsir yarandıqda onu vermək üçün əlavə pul ödənməlidir. Bir müəllimə bir auditoriyanın dərsi verilirsə, ona 60 saatın pulu ödənir. Tələbə bu müddətdə qiymət ala bilmirsə, bu artıq onun öz günahıdır. Tələbə axşam və ya yay məktəbi formasında 60 saatlıq dərsə yenidən girirsə, onun pulunu da təkrar ödəməlidir. Tələbələr başa düşməlidirlər ki, bu gün təhsil yetərincə xərc tələb edən sahədir. Bu artıq sosial haqq deyil, hüquqdur. Əgər tələbə müəllimin tədrisindən narazıdırsa, onda onu dəyişdirmək hüququ da var. Demək istədiyim odur ki, tələbələrin yaxşı təhsil alması üçün ATİ rəhbərliyi nə lazımdırsa, onu edir».
   ATİ-də də 4 ilə məzun ola bilməyən tələbələrə yenidən şans verilir. Eldar Aslanov deyir ki, Bolonya prosesinin qaydalarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci ildə təsdiq etdiyi «Bakalavr səviyyəsində Dövlət Attestasiyasının keçirilməsi haqqında» əsasnaməyə görə, yekun dövlət attestasiyasından kəsilmiş tələbələrin növbəti beş il ərzində təkrar iki dəfə dövlət attestasiyasına buraxılmaq hüququ var: «Bu qanun ATİ üçün də mövcuddur. Bu il bizim institutda həm Krems qrupunda, həm də milli proqramda kəsilən tələbələr oldu. Bu tələbələrə institut rəhbərliyi tərəfindən bütün qaydalar izah olunub və lazımi sənədlər təqdim edilib. Kəsilən tələbələr təkrar imtahana oktyabr ayından başlayaraq, növbəti beş il ərzində nə vaxt istəsələr, girə bilərlər. Əgər tələbə verilən bu iki şansdan da istifadə edə bilməsə, onda biz onlara natamam ali təhsil haqqında arayış verəcəyik».
   Söhbət əsnasında Eldar Aslanov ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinə sənəd qəbulu barədə danışdı. Prorektor bildirdi ki, hazırda Bakı Turizm Peşə Məktəbində təqdim edilmiş plana əsasən 12 ixtisas üzrə 560 plan yerinə şagirdlərin sənəd qəbulu davam edir və sentyabrın 9-na olan məlumata görə sənəd verənlərin sayı 420-ni keçib. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar