Nəbi Xəzri haqqında 40 il əvvəl çəkilən filmin nümayişi

 

Fevralın 16-da Azərbaycan Dövlət Film Fondunda (ADFF) Xalq şairi, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin 100 illik yubileyi ərəfəsində “Şeir mənim üçün bir kainatdır” filminin nümayişi olub.

ADFF-nin direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Nəbi Xəzrinin sağlığında çəkilmiş filmin onun ədəbi irsinin təbliğində böyük rolunu qeyd edib, ekran əsərinin fondda rəqəmsal bərpası haqqında ətraflı məlumat verib.

Şairin ailə üzvləri adından oğlu Arzu Babayev çıxış edərək N.Xəzrinin 60 illik yubileyi münasibətilə lentə alınan bu filmin çəkilişlərini xatırladığını qeyd edib və tədbirin təşkilinə görə ADFF-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Sonra kinorejissor Cahangir Zeynallının 1984-cü ildə lentə aldığı “Şeir mənim üçün bir kainatdır” sənədli filmi göstərilib.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmdə şairin şeirləri səslənir, həmkarları, incəsənət xadimləri Nəbi Xəzrinin yaradıcılığı barədə fikirlərini söyləyirlər. Filmin ssenari müəllifi Rəfiqə Hüseynova, operatorları Azər Salayev və Rəfael Salamzadə, bəstəkarı Firəngiz Əlizadədir.