Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 32 il keçir.

Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kəndin 800 nəfərə yaxın sakini doğma yurdundan didərgin düşüb.

Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndlilər “Yeni Qaradağlı” qəsəbəsində Qaradağlı faciəsinin ildönümü münasibətilə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.