Xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək barədə təlimat verilib

 

60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniyanın Münxen şəhərinə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bır sıra görüşlər keçirib.

Fevralın 17-də Münxendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub.

Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır.

Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.

Görüşdə Olaf Şolts açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

***

Almaniya Federal Hökumətinin Mətbuat və İnformasiya İdarəsi (BPA) Kansler Olaf Şoltsun Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş barədə məlumat yayıb.

Hökumətin saytında yayılan məlumatda deyilir ki, Kansler Şolts Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyanla görüşüb.

“Bu üçtərəfli müzakirədə kansler iki ölkə arasında sülh danışıqlarını tez bir zamanda yekunlaşdırmağa çağırıb. Almaniya və Avropa Aİ Şurasının Prezident Mişelin səyləri də daxil olmaqla, bacardıqları qədər bunu dəstəkləməyə hazırdırlar. Kansler açıq şəkildə bildirdi ki, hər iki tərəf mövcud fikir ayrılıqlarını və açıq sualları yalnız sülh yolu ilə və güc tətbiq etmədən həll etməlidir”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan, Azərbaycan tərəfdən həmçinin Prezidentin köməkçisi Hikmət Hacıyev, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev, eləcə də Ermənistan tərəfdən müvafiq rəsmilər də iştirak ediblər.

***

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü də olub.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.

Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.