Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşlarla görüşlər təşkil olunur, sakinlərin problem və təklifləri dinlənilir.
2024-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən fevralın 17-də Salyanda vətəndaşların qəbulu keçirilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunub.
Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhərindən sakinlər iştirak ediblər.
Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.