Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrı fevralın 14-də “Sevgi şimşəyi” tamaşası ilə Qazax Dövlət Dram Teatrının səhnəsində çıxış edib.
Qazax teatrının dəvəti ilə reallaşan qastrol səfərində bakılı qonaqların ifası maraqla qarşılanıb.
Komediya janrında hazırlanan tamaşada hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində, cəmiyyətdə yaşanan aktual problemlər – valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar önə çəkilir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır. Dramaturq Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanan səhnə əsərində rolları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev ifa edirlər.