Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyində qəhrəman şair Musa Mustafoviç Cəlilin anadan olmasının 118-ci ildönümünə həsr edilmiş ədəbi-musiqili tədbir keçirilib.
Xatirə gecəsi Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyinin dəstəyi ilə Bakıdakı “Kayım Nasiri İnstitutu” təhsil-mədəni mərkəzi və ölkəmizdəki tatar ictimai təşkilatları tərəfindən təşkil olunub.
Tədbirin əvvəlində Musa Cəlil adına “Xatirəyə ehtiram” Fondunun iştirakçılara ünvanladığı məktubun mətni oxunub.
Gecənin xüsusi qonağı Fransadan gəlmiş Tatarıstanın Əməkdar artisti, opera müğənnisi Timur Abdikeyev olub. Gözəl bas səsə malik olan sənətkar Musa Cəlilin sözlərinə bəstələnmiş “Son nəğmə” əsərini və klassik italyan mahnısı “O sole mio””nu ifa edib.
Sonra şairin həyatı, yaradıcılığı və rəşadəti haqqında videoçarx nümayiş etdirilib.
Tədbirdə qəhrəman şairin əsərləri və onun şeirlərinə bəstələnmiş mahnılar təqdim edilib. Həmçinin peşəkar müğənnilər və özfəaliyyət kollektivləri xalq mahnıları və klassik musiqi əsərlərini ifa ediblər. Tatar diasporunun ən gənc nümayəndələri – Rayana Aybatulova, Diana Bıkova, Ramilya Şamionova, Alim və Maqsud Əliyevlər və başqalarının çıxışları dinləyicilərdə xüsusi maraq doğurub.
Tədbirdə Azərbaycanın “Günay” uşaq teatr studiyasının aktyorları tamaşaçılara Musa Cəlilin əsərlərinin motivləri əsasında hazırlanmış “Vəhşilik” tamaşasını təqdim ediblər.
Qeyd etmək lazımdır ki, “Günay” uşaq teatr studiyasının gənc aktyoru Oqtay Xudiyev bu il qala-konsertinin fevralın 15-də Kazanda keçirildiyi “Cəlilov qiraətləri” Beynəlxalq ədəbiyyat müsabiqəsində ikinci yerə layiq görülüb. Həmin müsabiqənin finalında bu teatrın daha iki daha iki nümayəndəsi – Rəna Hüseynova, Məryəm İbrahimova və Marqarita Fadeyeva da iştirak ediblər.
Tamaşaçılar teatrın kollektivini sürəkli alqışlarla qarşılayıblar. Tədbirin sonunda təşkilatçılara və iştirakçılara Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyi adından təşəkkürnamələr təqdim olunub.