Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Nigar Novruzzadənin “N’us Gallery” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) startap şəhadətnaməsi alıb.
Universitetdən bildirilib ki, Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Nigar Novruzzadə Azərbaycanda incəsənət əsərlərinin satışı üçün onlayn platforma (https://nus.gallery/) yaradıb. Platforma rəssamları, dizaynerləri, eləcə də incəsənətlə məşğul olan insanları bir çətir altında toplamağı hədəfləyir. Təcrübəli, eləcə də gənc rəssamlar, dizaynerlər və sənətlə məşğul olan insanlar platforma vasitəsilə öz işlərini asanlıqla satışa çıxara bilərlər. Hazırda platforma 500-dən çox rəssamla əməkdaşlıq edir. İndiyədək platformaya 30-dan çox əsər yerləşdirilib. Hələlik platforma vasitəsilə satılan ən bahalı əsərin qiyməti 500 manat olub.
“N’us Gallery” Azərbaycan startap ekosisteminin nümunəsi kimi Rusiyada elektron qaydada keçirilən yarışmada 120 startap arasında "Orijinal ideya" nominasiyasına layiq görülüb. Layihə, eyni zamanda, Azərbaycanda 40 startap üzərində aparılan test mərhələsindən uğurla keçərək Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) proqramının iştirakçısı olub.
***
AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya mühəndisliyi ixtisaslaşması üzrə magistrantı Hüsniyyə Necati elm sahəsində Avropanın ən qabaqcıl proqramlardan biri olan “Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramını qazanıb. Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qrant Hüsniyyə Necatinin “Abşeronda neft və qazla çirklənmiş ərazilərin təmizlənməsi” layihəsinə ayrılıb.
Ekologiya kafedrasının baş müəllimi Fərhad Əliyevin elmi rəhbərliyi ilə hazırlanan layihədə Abşeron yarımadasının neft və qazla çirklənmiş ərazilərinin təmizlənərək ekoloji tarazlığının təmin olunması nəzərdə tutulub.
“Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramı Hüsniyyə Necatiyə bir il müddətində Avropanın, xüsusilə Almaniyanın mövzu ilə əlaqədar qabaqcıl universitet və elmi-tədqiqat institutlarında təcrübə aparmağa imkan verəcək.
Hüsniyyə Necati həm də Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda çalışır.
Qeyd edək ki, “Mariya Skladovskaya- Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı laureatına layiq görülmüş kimyaçı-fizik Mariya Skladovskaya-Kürinin adı ilə bağlıdır.