Vüsalə Yunusovanın yaradıcılığı haqqında

 

Bakı şəhərinin qədim kəndlərində biri də Balaxanıdır. Balaxanı zəngin nefti ilə tanınsa da, istedadlı insanlar da yetişdirib, mədəniyyətimizə, incəsənətimizə bir çox adlar bəxş edib.

Rəssam Vüsalə Dəyanət qızı Yunusova da 1985-ci ildə bu kənddə doğulub. Hələ kiçik yaşlarından Tibb İşçilərinin Mədəniyyət evində rəqs, rəssamlıq, fortepiano kurslarına gedib. 1991–1992-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində,  1992–1999-cu illərdə isə Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbində fortepiano sinfində dərs alıb. 2008–2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin dizayn ixtisasından məzun olub. 2018–2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik dizayn ixtisası üzrə magistr pilləsini bitirib.

Rəssam kimi əsasən üç istiqamətdə – rəngkarlıq, qrafika və mandalalar üslubunda işləyir. Əsərlərinin çoxu müəyyən tematika üzrə qurulmuş abstrakt üslubundadır. Qrafik əsərlərində daha çox qırmızı, ağ və qara rənglərdən istifadə edir.

Vüsalə daha çox öz təfəkkürünün nəticəsi olaraq əsərlər yaratmağı sevir. Deyir ki, rəssam çoxşaxəli olmalıdır və hər cür texnikada işləməyi bacarmalıdır. O, realistlik üslubda etüdlər çəkir, qrafik dizayner kimi plakatlar, reklam afişaları, dijital rəsmlər də yaradır, həmçinin kitab kataloqlarının dizaynı ilə məşğuldur. Rəssam yaradıcılıq fəaliyyətini uğurla davam etdirərək bir çox diplom və sertifikata layiq görülüb. Eyni zamanda Xalq rəssamı, professor Arif Əzizə həsr olunmuş “Arif Əziz. Bəyaz...” sənədli filminin (“Azərbaycantelefilm”, 2019) çəkilişində iştirak edib.

Rəssamın sənət dünyasına səyahətimiz zamanı onun xəyal dünyasının, duyğularının, arzularının şahidi oluruq. Bu əsərlərdən bir neçəsini diqqətə çatdırmaq istərdik.

“Xalçadan Kainata yüksələn ulduzlar” adlı əsərlə yaxından tanış olaq. Kətan üzərində akril boya ilə kainatı müxtəlif ölçüdə rəngli dairələrlə təsəvvür edən rəssam Azərbaycan Respublikasının Dövlət Bayrağı üzərindəki səkkizguşəli ulduzun təsvirinə də tablosunda yer verib. Əsər hazırda Rusiyada “İntersputnik” təşkilatında qorunub saxlanılır.

Rəssamın “Balalı buta” əsərində Qobustan qayaüstü rəsmləri ilə yanaşı, mərkəzdə iri butanın daxilində iki balaca buta sanki bala anasına sığınırmış kimi təsvir olunub. Əsər öz kreativliyi ilə seçilir.

Bu mövzunun davamı olaraq “Bürclər” adlı əsərinə diqqət etsək görərik ki, rəssam hər bir insanın həyatında mühüm əhəmiyyətə malik bürclər mövzusuna toxunub.  Əsərin mərkəzində şəhərin rəmzi – “Qoşa qala qapısı” adlanan şimal darvazaları üstündə yerləşən buynuzlu öküz başı – bukrani təsvir edilib.

Bununla yanaşı, rəssamın bir sıra dərin mövzulu əsərlərini qeyd edə bilərik. “Cazın rəngləri”, “Mahatma Qandi”,  “Nar ətrafında yallı”, “Qadın incəliyi” və s. buna bariz nümunədir. İstedadlı rəssam Vüsalə Yunusovaya yaradıcılıq yolunda uğurlar arzu edirik.

Lamiyə Əliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı