Azərbaycanın mütəfəkkir şairi Məhəmməd Füzulinin söz dünyası sahilsiz bir ümmandır. Türk, ərəb və fars dillərində bənzərsiz bədii-fəlsəfi əsərlər yaradaraq hələ sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyətin bədii obrazı ilk dəfə olaraq elə şairin özü tərəfindən yaradılmışdır desək, yanılmarıq. Bir çox füzulişünasların fikirlərinə əsaslanaraq əminliklə deyə bilərik ki, şairin ədəbi-fəlsəfi irsində müəllif obrazı yaradıcılıq nümunələrinə səpələnmişdir. Obrazın bədii səciyyəsindəki avtobioqrafik cizgilər daha çox Füzulinin qəsidələrində, psixoloji məqamlar isə qəzəllərində özünü göstərir.
Dərin məna tutumu, bəşəri və humanist ideyalara, bütövlükdə işıqlı fikirlərinə görə əbədiyaşar söz sənətkarlarından biri olan Məhəmməd Füzuli obrazına Azərbaycanın bir çox görkəmli sənət nümayəndələri müraciət etmişlər. Onlardan bir neçəsinin əsərlərinə nəzər salaq.
Azərbaycanın təsviri sənətində mənzərə janrına yeni nəfəs gətirən ustad sənətkar Səttar Bəhlulzadə özünəxas üslubu, nəfis rəng seçimi və poetik yanaşma tərzi ilə tanınan milli rəssamlıq tariximizin ən dəyərli nümayəndələrindən biridir. Onun yaradıcılığında Füzuli poeziyasının xüsusi yeri var. Bu portretdə rəngkar “Eşq və iztirab şairi” Füzulini sadə və ən önəmlisi, duyğu dolu təsvir edib. Əsərdə şairin daxili zənginliyi, mənəvi sərvəti ilə xarici görkəmi, kompozisiya düzümü təzadlı bir şəkildə əks olunub. Ruhu ilahi eşqə ac olan Füzulinin baxışları izləyicilərə tuşlanmayıb. Mahir fırça ustası Səttar Bəhlulzadə şair ilə aramıza xəyali bir rübənd tutur. Eşqə könüllü əsir olan Füzuli ruhunun qəm dağını ifadəli bir şəkildə təsvir edən rəssamın məhdud rəng seçimindən istifadə etməsi əsərin bədii gücünü artırır.
Azərbaycan rəssamlıq sənətinin inkişafında xüsusi xidmətləri olan Tofiq Ağababayevin “Məhəmməd Füzuli” tablosu da diqqətəlayiqdir. Sənətkarın Füzuli obrazına yanaşması olduqca emosionaldır. Rəbbinə dərin məhəbbətini hər məqamda ifadə edən Məhəmməd Füzulini dünyəvilikdən uzaq icra edən rəssam şairi ədəbi fəaliyyətinin rəngarəngliyi ilə tamaşaçıya göstərir. Kompozisiyada mütəfəkkir şair Allahın hüzurunda, fani dünyanın sahibsiz dərdinə həmdərd olmağa istəkli bir şəkildə əks olunub.
Xalçaçı rəssam Eldar Mikayılzadənin yaradıcılığı xüsusilə əlvanlıq və zəngin kompozisiyalarla seçilir. Onun Füzuliyə həsr etdiyi sənət əsəri də zəngin və dolğun bədii ifadə tərzi ilə icra edilib, xəyal və yuxu aləmini xatırladan maraqlı nümunələrdən biridir. Yaradıcılığı orijinal dəst-xətt ilə seçilən sənətkarın həll etdiyi kompozisiyada mərkəzi fiqur Məhəmməd Füzuli olsa da, onu tamamlayan daha kiçikölçülü fiqurlar və təsvir predmetləri müəllifin izləyicilərə çatdırmaq istədiyi düşüncələrin təcəssümüdür.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə qranit postament üzərində ucaldılan Məhəmməd Füzuli abidəsinin açılışı 1963-cü ildə olub. Bu yerdə onu da qeyd edək ki, Azərbaycanda Füzulinin bədii obrazı ilk dəfə görkəmli heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılıb. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının fasadı işlənərkən burada digər klassik ədiblərimizlə yanaşı, Füzulinin heykəlinin də qoyulması nəzərdə tutulur və elan edilmiş müsabiqədə Fuad Əbdürrəhmanovun layihəsi qalib gəlir. Sənətkarın 1939-cu ildə muzey binası üçün yaratdığı Füzuli obrazı sonradan şairin xalq tərəfindən, daha sonra isə rəsmən qəbul edilmiş portreti kimi tanınır.
1958-ci ildə Məhəmməd Füzulinin 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün elan edilən müsabiqədə isə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə qalib olur. Füzulinin heykəli hazırlanarkən müəlliflər Fuad Əbdürrəhmanov tərəfindən yaradılmış obrazın ümumi cizgilərinə sadiq qalmışdırlar. Hər iki sənətkar əsərlərində qəhrəmanın psixoloji aləminə, ruh dünyasına nüfuz edərək daxili vəziyyətini əks etdirdiyindən Füzuli heykəli çox uğurlu alınıb.
Heykələ diqqət etsək sanki öz daxili dünyasında səyahət edən bir müdrik səyyahı görərik. Bir əlində yazdığı kitab, digər əlini isə çənəsinə dayamış şəkildə təsvir olunan şair sanki keçmişdən bu günə, bu gündən gələcəyə və əbədiyyətə uzun bir yolçuluqdadır. Bu, fikir yolçuluğudur ki, əbədiyyətə qədər davam etməkdədir. Müəlliflər bu abidədə fəlsəfə ilə şeiriyyəti, müdrikliklə hüznü sintez etməyə ustalıqla nail olublar. Hansı səmtdən baxılırsa baxılsın, öz görüm nöqtəsini itirməyən heykəl uzaqdan başqa, yaxından isə tamam başqa təəssürat yaratmaqdadır. Rakurs fərqinə baxmayaraq, heykəl vahid kompozisiyaya tabedir. Burada hər kiçik detal belə heykəldəki Füzuli ruhu ilə ahəngdədir. Bu ahəngin kökündə isə Şərq mənəviyyatı dayanır. Heykəlin postamentində isə Leyli və Məcnun obrazlarının təsvirini görürük. Postamentin, mahiyyət etibarilə abidənin ayrıca memarlıq hissəsi olmaqla yanaşı, ümumi obraz həllinin mühüm məna yükü daşıyan element olduğunu xüsusi vurğulamalıyıq. Eyni zamanda o, konkret olaraq həm də təsviridir və bu təsvirdə olduqca zərif, lirik olan Füzulinin poetik personajlarını görürük. Onu da qeyd etməliyik ki, Füzulinin heykəli 1963-cü ildə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülmüşdü.
Bölgələrimizdə də dahi şairin heykəllərinə rast gəlmək mümkündür. Belə sənət nümunələrindən biri 1970-ci ildə Füzuli şəhərinin mərkəzindəki parkda ucaldılmış heykəl idi. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən şəhər işğal ediləndən sonra heykəl vandalizmə məruz qalaraq dağıdılmışdı. Güman edirik ki, işğaldan azad edildikdən sonra yenidən qurulan şəhərdə dahi şairin adına layiq abidəsi də qoyulacaq.
Göründüyü kimi, böyük Füzuli irsi təsviri sənətimizə geniş şəkildə nüfuz edərək xalqın da qəlbində özünə əbədi məskən salıb. “İlahi feyzindən yaranan söz” elə bir tükənməz xəzinədir ki, onu nə qədər sərf etsən də, tükənməz, bitməz. Sözü yaradanlar özləri dünyadan köçsələr də, söz həmişə yaşayır. Daim ürəkləri riqqətə gətirən, insanları düşündürən, onların yaxın dostuna, məsləhətçisinə çevrilən Füzuli sözü də həmişə yaradıcı insanların diqqət mərkəzində olmaqla yüksək bədii sənətkarlıq nümunələrinin yaranmasına vəsilə və təsviri sənətimizdə bundan sonra da müraciət edilən mövzulardan biri olacaq.
Könül Vəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı