Avropa İttifaqının tvinninq layihəsi çərçivəsində İsmayıllıda seminar keçirilib
Sentyabrın 10-da «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı Avropa İttifaqının tvinninq layihəsi çərçivəsində İsmayıllı rayonunda «Regional və yerli turizmin planlaşdırılması və idarə olunması» adlı seminar keçirilib.
Seminarda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, layihə rəhbəri Florian Zengstşmid, daimi tvinniq müşaviri Daiva Kirkilaite-Çetkuti və birinci komponentin rəhbəri Ferdinand Posnikin iştirakı ilə baş tutub.
Tədbirdə həmçinin İsmayıllı, Şamaxı, Ağdaş, Qəbələ rayonlarının mədəniyyət və turizm şöbələrinin, Lahıc, Basqal və Qəbələ təbii qoruqlarının, burada fəaliyyət göstərən muzeylərin, həmçinin İsmayıllı, Lahıc və Şamaxı turizm-informasiya mərkəzlərinin nümayəndələri və İvanovka, Basqal, Cülyan, Talıstan və Təzəkənd bələdiyyələrinin sədrləri iştirak ediblər.
Layihə rəhbəri Florian Zengstşmid bildirib ki, seminarın təşkil edilməsində əsas məqsəd iştirakçıların diqqətinə «Azərbaycanda turizm məkanlarının idarə olunması» mövzusunda ilkin nəzəri biliklərin çatdırılmasıdır. O, seminar iştirakçılarına turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər bu kimi mövzulara dair məlumat verib.
İştirakçılar bu tipli seminarların Azərbaycanın regionlarında turizmin inkişafı üçün xüsusilə önəmli olduğunu deyiblər. Turizm potensialı yüksək olan yerlərdə turizm bələdçilərinin olmasının vacibliyinə toxunan iştirakçılar bunun gələn turistlərə maraqlı məlumatların verilməsində əhəmiyyət daşıdığını da layihə rəhbərlərinin diqqətinə çatdırıblar.
Seminarın sonunda Mahir Qəhrəmanov, Florian Zengstşmid, Daiva Kirkilaite-Çetkuti, Ferdinand Posnik iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Fəxriyyə Abdullayeva