Novruza dörd həftə qaldı

 

Boz ayın adı çəkiləndə ilk olaraq Novruz bayramı yada düşür. Baxmayaraq ki, bu “bozluq” heç də ürəkaçan əlamət deyil. Ancaq xalq təqviminin bu ayı dörd ilaxır çərşənbəni (Su, Od, Yel və Torpaq çərşənbələri) içinə sığdırdığı üçün onun ağarıb-bozarmağının üzərindən sükutla keçirsən. Necə deyərlər, yüz acı-bir şirin məsələsi...

Bəli, Kiçik çillə fevralın 19-da ömrünü başa vurub yerini Boz aya verdi. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli, bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Mərhum folklorşünas-alim, Əməkdar elm xadimi Bəhlul Abdulla Boz ay haqqında araşdırmasında yazırdı: “Boz ay çilləbeçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (“oğru üskü”), ikinci üçünə “doğru buğ” (“doğru üskü”), sonuncuya isə “ilaxır çərşənbə” deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da adamlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb “Qaçın-qaçın, şeytanlar, sizi oda qalaram” deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar...”.

Xalq arasında “Boz ay bozara-bozara keçər” deyimi var. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir.

Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir. Çünki qarşıda təbiəti qış yuxusundan oyadan dörd ilaxır çərşənbə var. Çərşənbələrdən ilki – Su çərşənbəsi bu il fevralın 27-nə təsadüf edəcək. Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi 12-də, Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

Ustadlar ustadı Aşıq Alının iki əsr əvvəl dediyi kimi, “...Tələsirik, görək, yaza nə qaldı?”. Ulu Novruzla bizi dördcə həftə ayırır. Boz ayın, boz yox, gülər üzünü görək!

F.Yunisli