Muzeydə mühazirə keçirilib

 

Azərbaycan Milli Xalça Muzeyində Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) anadan olmasının 140 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzləri xalça sənətində” adlı mühazirə keçirilib.

Muzeydən bildirilib ki, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Rəsulzadənin tariximizdə çox mühüm hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında siyasi lider kimi böyük rolundan danışıb. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri barədə məlumat verib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva isə məruzəsində dövlət rəmzlərinin xalçalarda, o cümlədən muzeyin kolleksiyasında qorunub saxlanılan nümunələrdə əksi və onların daşıdığı mənalar haqqında fikirlərini paylaşıb.

Professor N.Yaqublu müəllifi olduğu “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” adlı nəşri, həmçinin M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami”, “İran yazıları” kitablarını muzeyin kitabxanasına hədiyyə edib.