Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin (1909–1974 anadan olmasının 115, vəfatının 50-ci ildönümüdür. Yubiley münasibətilə müxtəlif tədbirlər təşkil olunur.

Fevralın 16-da Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki ev-muzeyinə hədiyyə olunan yeni eksponatların təqdimatı keçirilib.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ev-muzeyin direktoru Pərzad Abdinova çıxışında bildirib ki, hədiyyə olunan eksponatlar muzeyin fondunu zənginləşdirəcək. O, təqdim olunan eksponatlara görə təşəkkür edib.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova böyük rəssamın yubileyi ilində keçirilən təqdimatın əhəmiyyətini qeyd edib. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin rolundan danışan şöbə müdiri Səttar Bəhlulzadənin təsviri sənət salnaməmizin zənginləşdirilməsində müstəsna rolu olduğunu deyib.

Bildirilib ki, dövlət tərəfindən mədəni mirasımızın qorunması və təbliği diqqətdə saxlanılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın sənətə həssas yanaşması sayəsində mədəniyyətimizin şöhrəti dünyanı dolaşır.

Sevil Kərimova diqqətə çatdırıb ki, təqdim olunan eksponatların bir hissəsi Səttar Bəhlulzadənin Ev-Muzeyi üçün Mədəniyyət Nazirliyi tərəfindən alınıb.

Xalq rəssamı Hüseyn Haqverdiyev muzeyə təqdim etdiyi əsəri – Səttar Bəhlulzadənin gipsdən düzəltdiyi heykəlinin yaranma ideyası haqqında məlumat verib, fırça ustasının atası Həsən Haqverdiyevlə dostluğundan danışıb, xatirələrini bölüşüb. O, heykəli 40 il əvvəl ərsəyə gətirdiyini deyib.

Daha sonra Hüseyn Haqverdiyevin ev-muzeyə bağışladığı, S.Bəhlulzadənin rəsmlərinin təsvir olunduğu slayd izlənilib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Beynəlxalq Suluboya Cəmiyyətinin (IWS Globe) sədri Atanur Doğanın “Səttar Bəhlulzadənin portreti”ni muzeyə təqdim edib, rəsm barədə məlumat verib.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev S.Bəhlulzadənin onun  həyatında mühüm rol oynadığını, dünyaya sənət gözü ilə baxmağı böyük sənətkardan öyrəndiyini deyib. O daha sonra öz arxivindən rəssama məxsus, partiya məktəbində oxuduğu zaman ona verilən qiymət kitabçasını muzeyə hədiyyə edib.

Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu rəssamın arxivinin yer aldığı CD-ni və birliyin fondunda qorunan nadir foto nümunəsini muzeyə bağışlayıb. Fotoda görkəmli fırça ustaları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov və başqaları yer alıb. Bildirilib ki, təqdim olunan nümunələr tanınmış mərhum fotoqraf Kamran Babayevin arxivinə məxsusdur.

Tədbir iştirakçıları S.Bəhlulzadənin Tretyakov Qalereyası və Şərq Muzeyində (Rusiya) qorunan əsərlərindən ibarət videoçarxı izləyiblər.

Sonda ev-muzeyin kolleksiyasından rəssamın qrafik əsərləri və şəxsi kolleksiyalarda qorunan Qarabağ mövzusuna aid əl işlərinin yer aldığı sərgiyə baxış olub. Sərgidə “Şuşa şəhəri. Murovdağ”, “Cıdır düzü”, “Şuşa. Turşsu”, “Xankəndi” və digər etüdlər yer alıb.

Lalə