Sankt-Peterburqun “Aleksandrinski Teatr Məktəbi”nin təhsil layihəsi Bakıda

 

Bir müddət öncə (2021-ci il) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YARAT Müasir İncəsənət Məkanı və Rusiya Teatr Sənəti İnstitutunun (keçmiş QİTİS) birgə layihəsi olan “Gənc teatr prodüserləri üçün laboratoriya”sı həyata keçirilmişdi. Ölkəmizdə teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması layihənin əsas məqsədini təşkil edirdi.

Teatr sahəsində prodüserlik bu gün aktual məsələlərdən biridir. Postsovet məkanı ölkələrdə teatrda inkişaf və yenilikləri həyata keçirmək, o cümlədən prodüserlik  sahəsində proqrama yiyələnmək bu sahənin inkişafı üçün ən vacib məqam sayılır.

Məsələyə növbəti əhatəli yanaşma bu dəfə də Akademik Milli Dram Teatrının təşəbbüsü ilə reallaşır. Rusiyadan gələn teatr sənəti üzrə tanınmış pedaqoqlar və aktyorlar 19-21 fevral tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçirlər.

Ustad dərsləri Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiya Milli Dram Teatrı – Aleksandrinski Teatrı (Sankt-Peterburq), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə “Aleksandrinski Teatr Məktəbi” təhsil layihəsi çərçivəsində həyata keçirilir.

***

Ustad dərslərindən öncə, fevralın 18-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı.

Sənədə Milli Dram Teatrının direktoru səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov imza atdılar.

Tədbirdə memorandumun Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafı üçün əhəmiyyəti qeyd olundu. Bildirildi ki, memoranduma qarşılıqlı qastrol səfərlərinin, ustad dərslərinin, birgə dəyirmi masaların, konfransların və s. təşkili daxildir.

İlham Əsgərov: “Əminəm ki, Aleksandrinski  Teatrı və Akademik Milli Dram Teatrı arasında əsası qoyulan bu əməkdaşlıq teatr sənətinin inkişafına böyük töhfə verəcək. Bu il ərzində bizim teatr yeni bir tamaşa ilə Aleksandrinski Teatrının səhnəsində çıxış edəcək. Aleksandrinski Teatrının kollektivi də Bakıya səfər edəcək, Milli Dram Teatrının səhnəsində çıxış edəcək”.

Sergey Yemelyanov da qarşılıqlı əməkdaşlıq üçün yeni mərhələni sevindirici addım kimi dəyərləndirdi: “Qısa müddətdə biz belə bir irəliləyiş əldə etdik. Məncə, bunun ən önəmli tərəfi “Aleksandrinski Teatr Məktəbi”nin açılmasıdır. Beləcə, əsasən yeni nəsildən olan teatr təmsilçiləri bizim teatr məktəbi haqqında müəyyən bilgilər qazanıb, onu öz işlərində tətbiq edəcəklər. Sözsüz ki, bu bizi çox qürurlandırır.

Eyni zamanda yeni, daha sistemli və çoxşaxəli əlaqələrimizin əsası qoyulur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi 2024-cü ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək 15-ci Aleksandrinski Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Biz də məmnuniyyətlə sizin səhnədə çıxış edəcəyik. Repertuarımızdakı klassik əsərlərdən birini – sizlərə də yaxşı tanış olan Nikolay Qoqolun “Evlənmə” tamaşasını Bakıya gətirəcəyik. Ümumilikdə sizin qarşınızda iki tamaşa ilə çıxış etməyi düşünürük ki, növbəti səhnə işini birgə məsləhətləşib qərar verəcəyik”.

Tədbirdə ATXİ sədrinin vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov da çıxış etdi, qurumun tarixindən, fəaliyyətindən danışdı.

Hacı İsmayılov Sergey Yemelyanova ATXİ-nin təsis etdiyi “Sənətkar” medalını təqdim etdi.

Mərasimdə daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin İncəsənət, qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Böyükxanım Talıbova, Milli Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Nurəddin Mehdixanlı və Firəngiz Mütəllimova imzalanan sənədin qarşılıqlı əlaqələr üçün əlamətdar olduğunu dedilər.

***

Ardınca teatrın foyesində “Rus səhnəsinin seçilmiş obrazları” adlı sərgi açıldı. Sankt-Peterburq Dövlət Teatr və Musiqi Sənəti Muzeyi və Aleksandrinski Teatrının xüsusi layihəsi olan sərgi maraqla qarşılandı.

Rusiyanın ən qədim sənət ocaqlarından sayılan Aleksandrinski Teatrının XIX-XX əsrləri əhatə edən tamaşaları üçün çəkilmiş pərdə (kulis-paduqa) və dekorasiya eskizlərinin rəqəmsal surətləri göz oxşayırdı.

Sərginin açılışında çıxış edən Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Səfərəliyev, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov imzalanan sənəd, bunun tərkib hissəsi kimi qarşılıqlı səfərlərin təşkili, teatr, sənət sahəsində mübadilənin əhəmiyyətinə diqqət çəkdilər.

***

Fevralın 19-da isə Akademik Milli Dram Teatrında “Aleksandrinski Teatr Məktəbi” layihəsinin təntənəli açılışı oldu.

Layihə RF Mədəniyyət Nazirliyi və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi ilə icra olunur.

Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə əyani üçgünlük intensiv proqramdan ibarətdir.

“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Teatr Sənəti İnstitutunun müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən aparılır.

“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı üzrə 35 dinləyici, “Müasir kontekstdə fəaliyyət” proqramı isə 25 dinləyici üçün nəzərdə tutulub. Yekunda onlara proqramın mənimsənilməsinə dair dövlət nümunəli şəhadətnamələr təqdim olunacaq.

Həmidə