Avropanın və ümumilikdə dünya kinosunun üç ən nüfuzlu festivalından biri olan Berlinale fevralın 15-də Almaniyanın paytaxtında başlayıb.
10 gün davam edəcək 74-cü Berlin Beynəlxalq Film Festivalında əsas müsabiqə proqramında 20 ekran əsəri yarışır.
“Qızıl ayı” uğrunda müsabiqənin açılışını belçikalı kinorejissor Tim Milantsın “Belə xırda şeylər” tarixi dramı (baş rolda irlandiyalı aktyor Killian Mörfi çəkilib) edib.
Müsabiqə proqramında mavritaniyalı rejissor Abderrahman Sissakonun “Qara çay”, Meksika kinorejissoru Alonso Ruispalasiosun “Mətbəx”, Seneqal əsilli Fransa rejissoru Mati Diopun “Daqomeya” filmləri də yer alıb.
Bundan əlavə, Bruno Dumontun (Fransa) “İmperiya”, Marqarita Vikarionun (İtaliya) “Qələbə!”, Olivye Assayasın (Fransa) “Vaxtdan kənar”, Andreas Drezenin (Almaniya) “Hildadan sevgi ilə”, Betaş Sanex və Miriam Mokvadamın (İran) “Ən sevdiyim tort”, Kler Byurgerin (Fransa) “Yad dil”, Meryam Juberin (Tunis əsilli Kanada rejissoru) “Mən kimə aidəm” filmləri də “Qızıl ayı”ya iddia edir.
Builki beynəlxalq münsiflər heyətinə ABŞ-də yaşayan Meksika və Keniya əsilli aktrisa, “Oskar” mükafatçısı Lupita Nyongo başçılıq edir.
Mükafatlar fevralın 24-də təqdim olunacaq.
74-cü Berlin Beynəlxalq Film Festivalı günlərində həmçinin “Avropa Film Bazarı” (European Film Market), “Berlinale Birgə İstehsalat Bazarı” (Berlinale Co-Production Market) keçirilir.
Berlinaledə məşhur rus rejissoru Andrey Tarkovskinin “Qurban” filminin bərpa edilmiş versiyası da nümayiş olunacaq.