Britaniya Kino və Televiziya Sənəti Akademiyası – BAFTA 77-ci dəfə mükafatçılarını elan edib.
Fevralın 18-də Londondakı “Southbank Center”də gerçəkləşən mərasimdə 2023-cü ilin ekran əsərləri sırasında ən çox sevinən “Oppenheimer” filminin komandası olub.
Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın atom bombasının yaradıcısı, amerikalı fizik Julius Robert Oppenheimer haqqında bioqrafik dramı namizəd olduğu 13 nominasiyadan 7-sini qazanıb.
“Ən yaxşı film” nominasiyasında BAFTA mükafatı alan “Oppenheimer”, həmçinin “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında da qalib olub.
Sonrakı yerdə 5 nominasiyada mükafat alan “Kasıblar” (ABŞ-Britaniya, rejissor Yorqos Lantimos) filmi qərarlaşıb. Ekran əsəri “Ən yaxşı aktrisa” (Emma Stoun), “Ən yaxşı vizual effektlər”, “Ən yaxşı quruluşçu rəssam”, “Ən yaxşı kostyum”, ”Ən yaxşı qrim və saç düzümü” nominasiyalarında fərqlənib.
“Ən yaxşı ikinci plan aktrisası” mükafatı isə Aleksandr Peynin “Geriyə qalanlar” komediyasında oynadığı rola görə Davayn Coy Randolfa verilib.
Yaponiyalı Hayao Miyadzakinin “Oğlan və quş”u “Ən yaxşı cizgi filmi” seçilib. Ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” filmi isə “Ən yaxşı sənədli film” kimi mükafatlandırılıb.
Qeyd edək ki, 1948-ci ildən təqdim olunan BAFTA mükafatları bir qayda olaraq iki əsas Amerika kino mükafatı “Qızıl qlobus” və “Oskar” mərasimləri arasında elan edilir.
7 yanvarda keçirilən “Qızıl qlobus” gecəsinin də əsas qalibi “Oppenheimer” filmi (namizəd göstərildiyi 8 nominasiyadan 4 mükafat) olmuşdu.
Bundan sonra kino dünyasının diqqəti 10 martda keçiriləcək 96-cı “Oskar” təqdimatına yönələcək.
V.Kamal