Uolton ailəsi Birləşmiş Ştatların ən zəngin ailələri reytinqində birinci yeri tutub. Dünyada varlıların sərvətini hesablamaqla məşğul olan “Forbes” nəşrinin məlumatına görə, Uolton ailəsinin sərvəti 267 milyard dollar qiymətləndirilir.
Son on ildə ailə üzvləri “Walmart”ın təxminən 22 milyard dollarlıq səhmlərini satıb və ümumi məbləği 11 milyard dollar olan ianələr edib. Buna baxmayaraq, ailənin yeddi üzvü hələ də “Walmart”ın səhmlərinin təxminən 45 faizini əlində saxlayır. Bundan əlavə, “Los-Angeles Rams” və “Arsenal” da daxil olmaqla, yeddi idman klubu ailənin sərvətinin artmasında mühüm rol oynayır.
Reytinqdə ikinci yerdə 117 milyard dollar sərvətlə Mars ailəsi qərarlaşıb. Bu ailə Virciniya ştatının Maklin şəhərində yerləşən ən böyük qənnadı şirkəti olan “Mars”ın sahibidir. Şirkət M&Ms, “Snickers”, “Ben’s Original Rice” və “Pedigree” (it yemi) kimi onlarla tanınmış brendə sahibdir. 2022-ci ildə şirkətin gəliri 47 milyard dollar olub.
Liderlər siyahısında üçüncü yeri 116 milyard dollar sərvətlə Kox ailəsi tutub. Çarlz Koxun rəhbərliyi altında 2022-ci ildə satışları 125 milyard dollar olan “Koch Industries” 1967-ci ildən bəri ən böyük holdinqlərdən birinə çevrilib.