Texniki komitə milli alətlərin bədii-texniki imkanlarının artırılmasına zəmin yaradacaq
Mədəniyyət Nazirliyinin təklifi əsasında Azərbaycan xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki komitə yaradılıb.
Fevralın 19-da Milli Kitabxanada Texniki komitənin ilk iclası keçirildi. İclasda Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşları və Texniki komitənin üzvləri iştirak edirdilər.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında bildirdi ki, xalq çalğı alətlərinə dair standartların hazırlanmasında intellektual və təcrübi yanaşmalar tətbiq edilməlidir. Bu standartlar milli musiqi alətlərinin həm qorunub saxlanılmasına, həm də təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin sektor müdiri Sara Teymurova qeyd etdi ki, Azərbaycan xalq çalğı alətləri xalqımızın musiqi tarixi, ifaçılıq sənəti, eləcə də musiqi təfəkkürü və bədii-estetik zövqü ilə sıx bağlı olan mədəni sərvətdir. Bu alətlərin hazırlanması prosesi əsrlərdən bəri müəyyən prinsip əsasında, yəni sənətkarlar tərəfindən nəsildən-nəslə ötürülərək yaradılıb. Bu gün xalq çalğı alətlərinin hazırlanmasında ümumi yanaşma yoxdur. Bu o deməkdir ki, hər bir usta fərqli ölçü və texnologiyalarla çalışır. Nəticədə musiqi alətlərinin bədii və texniki imkanlarında fərqlilik və mənfi halların yaranması müşahidə olunur. Xalq çalğı alətləri üzrə standartların yaradılması alətlərdə ölçülərin düzgün verilməsinə, kök sistemi, akustik xüsusiyyətlərin, ümumilikdə isə bədii və texniki imkanların artırılmasına zəmin yaradacaq. Eyni zamanda sahə üzrə mütəxəssislərin yetişdirilməsi və müvafiq peşəkar ixtisasların yaradılması prosesinə də müsbət təsirini göstərəcək.
Daha sonra xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki komitənin əsasnaməsi təqdim olundu. Əsasnaməyə uyğun olaraq, komitədə Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Milli Konservatoriya, Bakı Musiqi Akademiyası və digər qurumların təmsilçiləri yer alır.
İclasda Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, konservatoriyada “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, Əməkdar artistlər – kamança ifaçısı Mirnazim Əsədullayev, qanun ifaçısı Təranə Əliyeva və başqaları çıxış edərək Texniki komitənin yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirdilər, təkliflərini səsləndirdilər. Standartların hazırlanması istiqamətində görüləcək işlər, bununla bağlı iş planının tərtib olunması barədə müzakirələr aparıldı.
L.Azəri