Azərbaycan Konqres Bürosu (Azerbaijan Convention Bureau - ACB) ölkəmizə tanışlıq turlarının təşkili ilə bağlı beynəlxalq turizm təşkilatları ilə danışıqlara başlayıb. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Xarici turizm sektorunun müdiri Fikrət Məmmədovun sözlərinə görə, Azərbaycan Konqres Bürosu artıq sentyabrın əvvəllərindən bu istiqamətdə fəaliyyətini daha da intensivləşdirib.
Qurumun rəsmi qeydiyyatı ilə bağlı işlər də yaxın günlərdə yekunlaşacaq: «Konqres Bürosu fəaliyyətlə bağlı biznes-plan hazırlayır. Artıq Azərbaycana tanışlıq turlarının təşkili ilə bağlı beynəlxalq turizm təşkilatları, o cümlədən Rusiyanın Konqres Bürosu ilə danışıqlara başlanıb. Bu tədbirlər Azərbaycanda beynəlxalq tədbirlərin keyfiyyətli təşkili ilə bağlı təbliğata həsr olunacaq».
Qeyd edək ki, Azərbaycan Konqres Bürosu 2013-cü ilin iyun ayında yaradılıb. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan qurumun əsas fəaliyyət istiqamətləri respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcək.
Fəxriyyə Abdullayeva