Bakı Xoreoqrafiya Akademiyası (BXA) kitabxanasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının (NMR) 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.
Dəyirmi masada BXA-nın rəhbərliyi, NMR Mədəniyyət Nazirliyi Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə iştirak edib.
Çıxışlarda Azərbaycanda xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi Bakı Xoreoqrafiya Məktəbinin yaradılmasında Ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri qeyd edilib. Bildirilib ki, Ulu öndərin ölkəmizdə rəqs sənətinin inkişafına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə 2014-cü ildə Xoreoqrafiya Məktəbinin bazasında BXA-nın yaradılması bunun əyani sübutudur.
Tədbirdə regionlarda xoreoqrafiya sənətinin daha peşəkar şəkildə təbliğ edilməsi məqsədilə mədəniyyət mərkəzlərinin və digər incəsənət ocaqlarının nəzdində rəqs studiyalarının yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Bədnam qonşularımız tərəfindən Azərbaycanın folklor nümunələri, qədim musiqi alətləri, milli rəqsləri, hətta dünyaşöhrətli bəstəkarlarımızın əsərlərinin mənimsənilməsinə qarşı davamlı addımların atılmasının zəruriliyi vurğulanıb.
Sonda BXA-nın sinif otaqları, məşq zalları ilə tanışlıq olub.