“Mübariz” tammetrajlı bədii filmi Azərbaycan Universitetində nümayiş olunub.
2023-cü ilin aprel ayında premyerası olan ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988–2010) xatirəsinə həsr edilib.
Nümayişdən əvvəl çıxış edən filmin prodüseri Abbas Əli ekran əsərinin Mübariz İbrahimovun beş yaşından şəhidlik zirvəsinə ucaldığı dövrədək həyat yolundan bəhs etdiyini bildirib. Deyib ki, 90 dəqiqəlik film 2 ilə yaxın müddətə başa gəlib. Çəkilişlər ölkəmizin müxtəlif bölgələrində, o cümlədən cəsur döyüşçünün anadan olduğu Biləsuvar rayonunda və şəhadətə yüksəldiyi Tərtər rayonunda yerləşən hərbi mövqedə aparılıb.
Qeyd edək ki, “Mübariz” bədii filmi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “NN film” və “Munis Production”ın birgə istehsalıdır. Filmin baş prodüseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru isə Natiq Novruzovdur. Ekran əsərində Xalq artisti Şamil Süleymanov, Flora Hüseynova, Mehman İbadov, Riqlay Əlisoy və başqaları çəkiliblər.