“Birinci festival həmişə sınaq xarakteri daşıyır”

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin ötən ilin 27 noyabr – 3 dekabr tarixlərində keçirdiyi “Yaradıcı həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “CINEMO” Mobil Film Festivalı üçün işlərin qəbulu elan edilmişdi. Bu il yanvarın 31-də festivala filmlərin qəbulu başa çatıb.

Festival 21-23 fevral tarixlərində Nizami Kino Mərkəzində keçirilir. Layihənin məqsədi yaradıcı gənclərin dəstəklənməsi, mobil kino istehsalının təbliği, istedadlı mobil fotoqraflar və kinematoqrafçıların üzə çıxarılması, onların kino sahəsində biliklərinin artırılması, mobil çəkilişlərin geniş imkanları vasitəsilə sosial dəyərlərin təşviqi, istedadlı gənclər arasında yaradıcılıq əlaqələrinin qurulmasıdır.

Fevralın 21-də mobil telefonla çəkilən bədii filmlərə, 22 fevralda isə sənədli filmlər və sosial çarxlara baxış olub.

Fevralın 23-də festivalın qala-gecəsi keçiriləcək, qalibləri elan olunacaq.

“CINEMO” Mobil Film Festivalının təsisçisi və rəhbəri, aktyor Ruslan Sabirli layihəyə böyük maraq olduğunu bildirib. Deyib, qeydə alınan filmlərin sayı 160 idi, onlardan 150-sini qəbul etdik. Onların arasında sənədli, bədii, sosial və digər janrlara aid çəkilişlər var. İlk baxış-seleksiyadan sonra 70 film qaldı. Sonrakı baxış isə artıq münsiflər heyəti tərəfindən keçirilib.

“Birinci festival həmişə sınaq xarakteri daşıyır. “CINEMO”dan ilk gözləntilərimiz ən nikbin proqnozları aşdı. Düşünürdüm ki, 50-dən artıq müraciət olmayacaq, amma onların sayı daha çox idi. Bu, uğurlu başlanğıcdır”, – deyə o əlavə edib.

Bundan öncə 10 ilə yaxın həyata keçirdiyi “Booktrailer” festivalı layihəsindən də bəhs edən Ruslan Sabirli bildirib ki, gənclər üçün belə festivallar onların istedadını üzə çıxarmaq və yol göstərmək imkanıdır: “Biz artıq növbəti festivallar çərçivəsində mobiloqrafiya kursları yaratmağı planlaşdırırıq. Onlar həm profilli peşəkar proqramları, həm də qacetlərin imkanlarından müstəqil şəkildə, kompütersiz istifadə edərək yaradıcılıq prosesini əhatə edəcək. Festival təkcə tədbir xətrinə keçirilmir. Qarşıya qoyduğumuz məqsəd ölkədə mobiloqrafiyanın inkişafıdır. Hazırkı festivalla bir növ bazarı öyrənmək və istedadlı uşaqları aşkar etmək istəyirik. Aparılan seleksiya da artıq müəyyən nəticələr verib. Niyyətimiz gəncləri istiqamətləndirməkdir. “CINEMO” bu sahədə onlara konkret məsləhətlər və artıq qazanılmış biliklərin istifadəsi üçün stimul verir”.

Layihə rəhbəri qeyd edib ki, mobil telefonla film çəkilişləri bu gün dünyada geniş yayılmaqdadır. Tanınmış rejissor Stiven Soderberq özünün “iPone” telefonundan istifadə edərək film çəkib və sonradan “Netflix” onu satın alıb. Filmin büdcəsi 2 milyon dollar olub, qazancı isə 56 milyon dollara çatıb.

Ruslan Sabirli telefonla çəkilən qısa filmlərə də marağın böyük olduğunu deyib. Bu gün reallıq elədir ki, internetdə bədii filmə onu geri çevirərək və ya qısaldaraq da baxa bilirik. Xüsusən gənclər informasiyaları qısametrajlı formatda qəbul etməyi sevirlər: “Əslində, məntiqli bir hekayəni tam şəkildə bir dəqiqəlik süjetə sığdırmaq mümkün deyil. “CINEMO”nun qaydalarına görə, mobil bədii filmin maksimal müddəti 5 dəqiqədir. Bu cür festivallar bir çox ölkələrdə dünyada keçirilir və trenddən kənarda qalmaq üçün heç bir səbəb görmürəm...”.