Ötən il anadan olmasının 100 illiyi qeyd olunan görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, pedaqoq, akademik Kamal Talıbzadənin (1923–2006) yubiley tədbirləri bu il də davam edir.

Fevralın 20-də Səməd Vurğunun Mənzil-Muzeyində Kamal Talıbzadəyə və onun böyük rəğbət bəslədiyi Xalq şairi Səməd Vurğuna həsr edilən ədəbi-bədii gecə keçirildi. Tədbir Abdulla Şaiq və Səməd Vurğunun mənzil-muzeylərinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Səməd Vurğunun Mənzil-Muzeyinin direktoru Vurğun Vəkilov tədbiri açaraq Kamal Talıbzadənin Azərbaycan elmi və ictimai fikir tarixinin inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, alim XX əsr Azərbaycan ədəbi tənqidinin mükəmməl salnaməsini, dolğun elmi mənzərəsini yaradıb. Eyni zamanda Xalq şairi Səməd Vurğunla çox yaxın münasibətləri olub və o bu dostluğu həyatının  solmayan səhifəsi hesab edib.

Tanınmış uşaq yazarı, professor Zahid Xəlil Səməd Vurğunla bağlı xatirələrini bölüşdü: “AzTV-də görkəmli şairlə bağlı bir verilişdə bildirdim ki, Səməd Vurğunun “Azərbaycan” şeirini şəhər və rayon məktəblərində bütün uşaqlar əzbər bilir. Verilişdə şairin oğlu Vaqif Səmədoğlu da iştirak edirdi. O mənim bu çıxışımdan incidi. Bildirdi ki, Səməd Vurğunu yalnız uşaq şairi kimi təqdim etdin. Dedim bəlkə belə deyil?! “Azərbaycan” şeiri ibtidai siniflərdə tədris edilir. Bir müddət sonra onunla barışdıq”.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı görkəmli alimlə bir görüşünü xatırladı. O, Kamal Talıbzadənin Səməd Vurğunla bağlı bir xatirəsini dilə gətirdi: “Səməd Vurğun ezamiyyətdən gəlmişdi. Hər gələndə hədiyyə gətirərdi. Biz də buna görə onun ətrafına yığılmışdıq. Gətirdiyi hədiyyələri payladı. Ancaq mənə hədiyyə çatmadı. Cibindən bir şəkil çıxartdı, arxasını yazıb mənə verdi. Dedi ki, sənin hədiyyən hamının hədiyyəsindən yaxşı oldu”.

Tədbirdə daha sonra filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, filologiya üzrə fəlsəfə doktorları Aslan Salmansoy, Arzu Hacıyeva və Nəzakət Qafqazlı çıxış edərək görkəmli ədəbiyyatşünas-alim və Xalq şairi ilə bağlı fikir və xatirələrini bölüşdülər.

Qeyd olundu ki, K.Talıbzadə səmərəli elmi yaradıcılıqla yanaşı, müxtəlif illərdə respublikanın bir sıra ali məktəblərində pedaqoji fəaliyyət göstərib, yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmin təbliğinə böyük töhfə verib.

Çıxışlardan sonra bədii hissə təqdim edildi. Niyazinin “Xoreoqrafik vals”, Ə.Əzizovun “Prelüdiya” əsərləri gənc solistlərin ifasında səsləndirildi. Ardınca “Nəlbəki”, “Səməni” xalq rəqsləri ifa olundu.

Sonda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

S.Fərəcov