Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.
2002-ci il 1 noyabr
Heydər Əliyev gənc rəssam Əli Vaqif oğlu Cəfərovun adının “Qızıl kitab”a yazılması və Prezidentin xüsusi təqaüdünə layiq görülməsi haqqında sərəncam imzalayıb.
2002-ci il 7 noyabr
Azərbaycanın görkəmli musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, bəstəkar Fikrət Əmirovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb.
***
Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar teatrın əməkdaşlarına fəxri adların verilməsi haqqında fərman imzalayıb.
Fərmanla Muxtar Həsən oğlu Avşarov, Vaqif Məzahir oğlu Əliyev və Yusif Mehdi oğlu Muxtarov “Xalq artisti” fəxri adına layiq görülüblər.
Teatrın əməkdaşlarından daha 15 nəfərə “Əməkdar artist”, 2 nəfərə “Əməkdar incəsənət xadimi”, 3 nəfərə “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.
2002-ci il 8 noyabr
Şəki şəhərinə səfəri zamanı Azərbaycan memarlığının incilərindən olan Şəki Xan sarayını ziyarət edib.
2002-ci il 6 dekabr
Respublika Sarayında dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr edilmiş yubiley gecəsində çıxış edib.
“...Bəzən kimsə elə düşünür ki, belə təntənəli yubileylər bəlkə də lazım deyildir. Ancaq mən bu gün bir daha deyirəm ki, belə yubiley gecələri bizi daha da zənginləşdirir, bizə ruh verir, bizi daha da nikbin edir. Mən bu gün bu salonda Niyazi haqqında deyilən sözləri dinləyərək, onun musiqisini dinləyərək, dirijorluq sənətinin nümunələrini yenidən xatırlayaraq, böyük hissiyyatlar keçirirəm. Bu hissiyyatlar xalqımıza olan sevgidən gəlir. Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir.
Mədəniyyət hər bir xalqı dünyada daha çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır. Niyazi Azərbaycan xalqının başını ucaldan ən böyük şəxsiyyətlərdən biridir.
Azərbaycanda simfonik orkestrin yaranması Üzeyir Hacıbəyovun fəaliyyəti ilə bağlıdır. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev o illərdə, ilk illərdə Azərbaycanda simfonik orkestrin inkişaf etməsi üçün çox işlər görmüşlər. Birincisi, simfonik orkestr üçün Azərbaycan musiqisi nümunələri yaratmışlar. İkincisi, ümumiyyətlə, dünya musiqisinin, dünyanın böyük bəstəkarlarının əsərlərinin Azərbaycan səhnəsində, Azərbaycan simfonik orkestrinin ifasında səslənməsində çox iş görmüşlər. Ancaq mən bunu tam qətiyyətlə deyirəm – əgər Niyazi olmasaydı, Azərbaycanın simfonik orkestri bu səviyyəyə çatmazdı. Niyazi olmasaydı, bizim Azərbaycanın görkəmli bəstəkarlarının yaratdıqları gözəl opera əsərləri, simfoniyalar bu qədər yüksək səviyyəyə çatmazdı. Bunların hamısında Niyazinin xidməti var...
Niyazi həyatdan gedib, amma Azərbaycan xalqı üçün gözəl bir miras qoyubdur – simfonik orkestr. Üzeyir Hacıbəyovun yaratdığı və Niyazinin fəaliyyəti nəticəsində çox yüksəklərə qalxmış, indi Niyazini əvəz edən Rauf Abdullayev kimi dirijoru olan simfonik orkestr...
İndi burada eşitdik, əgər Niyazi olmasaydı, Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə təqdim edilə bilməzdi. Eləcə də Fikrət Əmirovun əsərləri. Onların hamısı bu simfonik orkestrdən və Niyazinin əlindən keçəndən sonra biz gördüyümüz səviyyəyə gəlib çatırdı...
...Millətimə, xalqıma görə fəxr edirəm ki, belə insanlar yaradıbdır. Onlar bizim mədəniyyətimizi yüksəldib və bizə böyük miras qoyub gediblər...”.
Konsertdən sonra Heydər Əliyev incəsənət ustaları ilə görüşüb səmimi söhbət edib.
“...Siz bilirsiniz, mən həmişə belə hesab etmişəm və indi də bu fikirdəyəm ki, sənət adamları tək-tək yetişir. İncəsənət çətin və mürəkkəb işdir, həyatını buna həsr etmiş insanlar həm cəmiyyətin və xalqın, həm də dövlətin qayğılarından kənarda yaşaya bilməzlər... Biz nə etsək də, iqtisadiyyatda nə qədər uğurlarımız olsa da, mən başa düşürəm ki, xalq incəsənətsiz yaşaya bilməz, axı, o, xalqın simasıdır...”.
2002-ci il 7 dekabr
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Vilyam Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk tamaşasına baxıb.
“...Azərbaycan teatrı vaxtilə, onilliklər bundan öncə Şekspirin əsərlərinə müraciət edibdir. “Hamlet” Azərbaycan səhnəsində otuzuncu illərdə çox uğurla göstərilibdir. Abbas Mirzə Şərifzadə Hamlet rolunu ilk oynayan bizim görkəmli aktyorlarımızdan biri olubdur... Elçin Əfəndiyev məlumat verdi ki, “Hamlet” Azərbaycan səhnəsində dördüncü dəfədir ki, qoyulur...
Dünyada, ola bilər, yüzə qədər quruluşda “Hamlet” tamaşası olsun. Hər rejissor, hər aktyor onu özünün bildiyi kimi göstərir. Amma bunun əsası Şekspirin yaradıcılığıdır, onun fəlsəfəsidir. Bu, böyük bir fəlsəfədir...
Bugünkü tamaşa haqqında indi nə deyə bilərəm? Quruluşçu rejissora (Azərpaşa Nemətov – red.) təşəkkür edirəm, əsərə çox yaxşı quruluş veribdir...
O ki qaldı tamaşanın ifaçılarına, hamınız çox yaxşı oynadınız... Ancaq bu tamaşanın bütün ağırlığı, təbiidir ki, Hamlet rolunun ifaçısının üzərinə düşübdür... Fuad Poladovu mən 1970-ci illərdən yaxşı tanıyıram. Elə bu səhnədə çox gözəl rollar ifa edirdi. Çox məmnunam ki, yenə də bu səhnədədir və deyə bilərəm ki, bu rolu çox məharətlə oynadı. Fuad, mən səni təbrik edirəm... Güman edirəm ki, gələcəkdə də klassik əsərlərdə belə rolları ifa etməkdə davam edəcəksən...
Əsərdə, əlbəttə ki, kral surəti var. Rafael, çoxdandır ki, səni səhnədə görmürdüm... Sonra eşitdim ki, “Hamlet”də oynayırsan, dedim çox yaxşı ki, buraya gəlmisən... Səyavuş, Yaşar... Siz həmişə çox yaxşı oynayırsınız. Elə aktyorlarsınız ki, sizin haqqınızda nə qədər desək, yenə söz qurtarmayacaqdır... Gənclər də, təbiidir ki, inkişaf edirlər. Mən bunu görürəm. Bu gün tamaşada mən çoxlu gənc ifaçı gördüm... Teatra gərək gənclər gəlsin. Gənclər gəlsin ki, onlar Səyavuşun, Yaşarın, o birilərin işlərini davam etdirsinlər...”.
Hazırladı: V.Orxan