Azərbaycan
24 fevral 1864 – Mütəfəkkir, yazıçı-publisist, şair, rəssam Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864 – 17.03.1940) Salyanda doğulub. Bakıda “Həyat” qəzetinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
24 fevral 1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə; 1881 – 24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər, uşaqlar üçün pyeslər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
24 fevral 1922 – Teatrşünas, sənətşünaslıq namizədi Adilə Mirzə qızı İsmayılova (1922 – 24.11.1985) Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) prorektoru işləyib.
24 fevral 1933 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (1933–2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
24 fevral 1934 – Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə (1934 – 20.12.2019) Naxçıvan MR Ordubad rayonunda anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.
24 fevral 1941 – Əməkdar mədəniyyət işçisi, musiqişünas Sidqi Mustafayev (1941 – 12.4.2021) Bakının Balaxanı kəndində doğulub. “İrs” folklor ansamblının yaradıcılarından biri və uzun illər bədii rəhbəri olub.
24 fevral 1944 – Əməkdar incəsənət xadimi, rejissor Tariyel Təyyar oğlu Vəliyev (1944 – 24.4.2012) İmişli rayonunda doğulub. Azərbaycan Televiziyasında məşhur tamaşalara (“Səni axtarıram”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s.) quruluş verib.
24 fevral 2022 – Əməkdar incəsənət xadimi, televiziya diktoru, rejissor Arif Lətif oğlu Qazıyev (17.5.1938 – 2022) vəfat edib. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.
25 fevral 1910 – Tanınmış rəssam Rüstəm Məmmədhənifə oğlu Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. “Koroğlu” operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Bakı Türk İşçi, Akademik Dram teatrlarında çalışıb. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.
25 fevral 1929 – Əməkdar incəsənət xadimi, qoboy ifaçısı, pedaqoq Azər Canbaxış oğlu Abdullayev (1929 – 18.6.2010) Bakıda doğulub. Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Nəfəs və zərb alətləri kafedrasının müdiri olub.
25 fevral 1948 – Əməkdar rəssam Fikrət Məmməd oğlu Haşımov (1948 – 8.2.2022) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Türkiyədə pedaqoji fəaliyyət göstərib. Bakda İncəsənət Kollecinin direktoru olub.
25 fevral 1951 – Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Hənifə oğlu Yaqubov (1951 – 15.10.2022) Astara rayonunun Balaca Şahağac kəndində anadan olub.
25 fevral 2022 – Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov (5.2.1930 – 2022) vəfat edib. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, mahnı və təsniflərin müəllifidir.
26 fevral 1892 – Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 – 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.
26 fevral 1927 – Aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (Ələkbər Fərəculla oğlu Əliyev; 1879–1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.
27 fevral 1901 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 – 2.2.1983) Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.
27 fevral 1984 – Aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb.
Dünya
24 fevral 1786 – Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm; 1786–1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu tərtib edib.
25 fevral 1707 – İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni; 1707–1793) anadan olub. 200-dən çox pyes yazıb.
25 fevral 1841 – Fransız rəssamı, qrafik və heykəltaraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir; 1841–1919) anadan olub.
25 fevral 1871 – Ukrayna ədəbiyyatının klassiki, yazıçı, şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka; 1871–1913) anadan olub.
25 fevral 1907 – Türk yazıçısı və şairi Səbahəddin Əli (1907–1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların müəllifidir.
26 fevral 1564 – İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564–1593) anadan olub.
26 fevral 1802 – Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo; 1802 – 22.5.1885) anadan olub. “Səfillər”, “Gülən adam”, “Paris Notr-Dam kilsəsi” və s. romanların müəllifidir.
27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck; 1902 – 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.
27 fevral 1912 – İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell; 1912–1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.
27 fevral 1932 – Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 – 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.
Hazırladı: V.Orxan