Xəbər verdiyimiz kimi, 1880–1884-cü illərdə nəşr olunmuş “Ziyayi-Qafqaziyyə” qəzetinin (ilk adı “Ziya”) transliterasiya edilərək (əski əlifbadan latın qrafikasına) kitab halında nəşr olunub. Layihə 2023-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda həyata keçirilib.
Fevralın 20-də Mətbuat Şurası və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi-Qafqaziyyə (1880–1884)” kitabının təqdimatı keçirilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan milli mətbuatı tarixində mühüm rola malik olmuş “Ziyayi-Qafqaziyyə” qəzetinin külliyyatının transliterasiya edilmiş nəşrinin əhəmiyyətindən danışıb. Bildirib ki, “Ziyayi-Qafqaziyyə” “Əkinçi” qəzetinin bağlanmasından (1877) sonra milli mətbu nəşr boşluğunu aradan qaldıraraq böyük missiya yerinə yetirib, səhifələrində o dövrün Azərbaycanındakı ictimai-siyasi vəziyyəti işıqlandırıb, aktual problemlərə toxunub, mövzu zənginliyi ilə seçilib.
R.Məcid yeni nəşrin “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul və çətin işin öhdəsindən gəlmiş dəyərli alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş mərhum Müştəba Əliyevin (1954–2017) xatirəsinə dərin ehtiramın nümunəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, kitabın baş redaktoru və ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
Çıxış edənlər kitabın Azərbaycan mətbuat tarixinin öyrənilməsində əhəmiyyətli material olduğunu bildiriblər. Vurğulanıb ki, “Əkinçi” ənənələrini davam etdirmiş “Ziyayi-Qafqaziyyə”, eləcə də ondan sonra fəaliyyət göstərmiş mətbuat nümunələrimiz 1918-ci il müstəqilliyinə aparan yola ideoloji nəfəs gətirib.
Diqqətə çatdırılıb ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərimizin də transfoneliterasiyası, bu işdə vahid redaktə qaydalarının əsas götürülməsi vacibdir.