Milli Kitabxananın dövri mətbuat arxivindən (7)
88 il öncə builki kimi fevral 29-dan idi. O vaxt ayda iki dəfə çıxan “Ədəbiyyat qəzeti”nin (Azərbaycan Şura Yazıçılar İttifaqının orqanı) növbəti sayı da həmin günə düşmüşdü. Qəzetdə əksər yazılar Gürcüstan SSR-in 15 illiyinə (Gürcüstanda sovet hakimiyyəti 1921-ci ilin martında qurulmuşdu), o cümlədən qonşu respublika ilə mədəni-ədəbi əlaqələrə həsr olunmuşdu. Qəzetdə qonşu xalqa gürcü dilində təbrik də verilmişdi. Maraqlıdır ki, bu ərəfədə Azərbaycanın tanınmış opera müğənnisi Fatma Muxtarova Gürcüstan SSR-də fəxri ada layiq görülmüş, bu barədə də qəzetdə material dərc olunmuşdu.
Seçmələr qəzetdə olduğu kimi təqdim edilir...
Qardaşlıq gecəsi
Ayın 21-də Azərbaycan Şura Yazıçılar İttifaqı qlubunda yazıçılar, incəsənət işçiləri və əməkçi ziyalıların qardaş Gürcüstanın 15 illiyinə həsr edilən təntənəli iclas olmuşdur. Gecəni Az.SYİ (Şura Yazıçılar İttifaqı –– red.) katibi Səməd Vurğun yoldaş açmış, Şura Gürcüstanın şanlı bayramını Azərbaycan şura yazıçıları adından təbrik etmişdir.
Sonra Dandaladze yoldaş gürcü ədəbiyyatının inkişafı və Gürcüstan şura ədəbiyyatı haqqında ətraflı və olduqca maraqlı məruzə etmişdir. Dandaladze yoldaşının çıxışından sonra Simurq (Tağı Şahbazi – red.) yoldaşın təklifi üzrə Gürcüstan şura yazıçılar ittifaqına təbrik teleqramı göndərilmişdir.
Rəsmi hissədən sonra bədii hissə başlanmış. Şair Cəfər Xəndan Gürcüstan haqqında olan şeirini, teatro texnikumunun tələbəsi Tələt M.Müşfiqin və B.Məhəmmədzadə M.Rahimin şeirini oxumuşlar.
Bakı gürcü teatrosu aktyorları Gürcüstan şairlərinin şeirlərini oxumuşlar. Bədii hissədə cümhuriyyətin xalq aktyoru H.Q.Sarabski, Soqomon Seyranov, erməni teatrosu aktrisası Jeremjan, Cahan Talışınskaya, Tamara Qritseuxen, Saljan yoldaşlar iştirak etmişlər.
Moskvada Azərbaycan şeir gecəsi
SSRİ Şura Yazıçılar İttifaqı və Dövlət Nəşriyyatı tərəfindən Moskvada təşkil edilən Azərbaycan şeir deqadı (dekada – red.) başlamışdır. Bu münasibətlə Azərbaycan ŞJİ sədri M.K.Ələkbərli, şairlərdən M.S.Ordubadi, S.Rüstəm, Hüseyn Cavid, M.Müşfiq, M.Rahim, A.Araslı və tənqidçi Əli Nazim yoldaşlar Moskvaya getmişlər. Moskvaya gəlməmişdən əvvəl şairlərimiz BSSC (Belarusiya Sovet Sosialist Cümhuriyyəti – red.) mərkəzi Minsk şəhərində keçirilən Azərbaycan şeir gecəsində iştirak etmişlər. Şairlərimiz Belarusiyada çox hərəkətlə qarşılanmışlar.
Hacı Qara gürcü taetrosunda
Bakı Gürcü İşçi teatrı bu yaxınlarda “Hacı Qara” əsərini oynayacaqdır. Tamaşanı hazırlamaq üçün teatro kollektivi M.F.Axundov yaradıcılığına müraciət etmiş. Az.DDT kollektivi ilə görüşərək fikir mübadiləsində bulunmuş. Tamaşa ekspremental quruluşda verilir.
Fatma Muxtarova əməkdar artist adını aldı
Fevralın 15-də Tiflis Opera və Balet Teatrında aktrisa Fatma xanın Muxtarovanın səhnə fəaliyyətinin 20 illiyinə həsr edilən böyük tamaşa gecəsi keçmişdir. Həmin gecə Fatma xanım “Karmen”, “Trubadur” operalarında çıxışda bulunmuşdur. Tamaşadan sonra təntənəli iclas olmuş, Gürcüstan OBT direktoru çıxışda bulunmuş.
Gürcüstan hökuməti tərəfdən V.Boçuqava yoldaş çıxışda bulunmuş və Fatma xanımın əməkdar aktrisa adlandırılması haqqında Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin qərarın oxumuşdur.
Ən axırda Fatma xanım çıxışda Gürcüstan hökumətinə və onu təbrik edənlərə öz təşəkkürünü bildirmişdir.
“Ədəbiyyat qəzeti”, 29 fevral 1936-cı il