Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Aktotı Raimkulova Qırğız Respublikasına səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Edil Baysalovla görüşüb.
Edil Baysalov Aktotı Raimkulovanı vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona Türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği üzrə mühüm missiyada uğurlar arzulayıb. O, TMİF-in görkəmli yazıçı Çingiz Aytmatovun yubileyinin geniş qeyd olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib və şair Alıkul Osmonovun Bişkekdə yerləşən ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin icrası ilə bağlı fondun başladığı hazırlıq işlərini vurğulayıb.
Aktotı Raimkulova türk xalqlarının qeyri-maddi və maddi mədəni irsinin qorunması üçün hər cür səy göstərməyə hazır olduğunu bildirib, fondun cari fəaliyyəti və yaxın vaxtlarda planlaşdırılan tədbirləri barədə danışıb.