M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Türkiyənin "Duo allaturca impro piano" qrupunun Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Makam musiqisində variasiyalar" adlı konserti keçirilib.

Fevralın 13-də gerçəkləşən konsertdə solistlər Cəmilə Cabbar (piano) və Nihat Demirkol (piano) çıxış ediblər.

Proqramda türk makam musiqisi və Azərbaycan mahnıları səsləndirilib.

Cəmilə Cabbar musiqili axşam haqqında öz təəssüratlarını bölüşərkən deyib: “Mən Bakıda dünyaya gəlmişəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmişəm. Daha sonra təhsilimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etmişəm. Çox xoşbəxtəm ki, Dilarə Mirzəquliyeva, Oqtay Abbasquliyev kimi peşəkar müəllimlərlə, görkəmli pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadədən dərs almışam. Fəlsəfə doktorluğu dissertasiyamı burada müdafiə etmişəm. Gənc yaşlarımdan Xalq artisti Xuraman Qasımovanın sinfində və Xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaydan Dövlət Xor Kapellasında konsertmeyter kimi fəaliyyət göstərmişəm. Buna görə də filarmoniyanın səhnəsi mənim üçün doğmadır. Hətta müsabiqələrin birində birinci yeri filarmoniyanın səhnəsində qazanmışam. 20 il sonra məni İzmir Opera və Balet Teatrına dəvət etdilər və mən ifaçılıq fəaliyyətimi İzmirdə davam etdirdim. 6 ay olar ki, məni Ankara Dövlət Opera və Balet Teatrına dəvət ediblər və mən artıq Ankarada işləyirəm. 20 ildən sonra yenidən filarmoniya səhnəsində olmaq ayrı bir həyəcandır”.

Nihat Demirkol Cəmil Cabbarla iki il əvvəl “Duo allaturca impro piano” qrupunu yaratdıqlarını deyib: “Bu layihə bir növ ilkdir. Makam musiqisini ifa etdiyimiz zaman, qarşımızda not olmasına baxmayaraq, ifamızın əsas hissəsi improvizasiyadır. Bu mənim Bakıya dördüncü səfərimdir. İkinci dəfədir ki, konsertdə ifa edirəm. İlk dəfə gələndə Türkiyənin Azərbaycandakı Səfirliyində çıxış etmişdim. Amma Bakının  memarlıq simvollarından olan filarmoniyanın səhnəsində Azərbaycan əsilli bir pianoçu ilə bərabər bir səhnədə yer almaq xüsusi bir zövqdür. Biz Azərbaycana yenə gələcəyik və yeni ifalarımızla qardaş ölkənin dinləyicilərini sevindirəcəyik”.