Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində görkəmli yazıçı, dramaturq, publisist, naşir, maarif xadimi Cəlil Məmmədquluzadənin (1869–1932) anadan olmasının 155 illiyi münasibətilə tədbir keçirilib.
C.Məmmədquluzadənin adını daşıyan muzeyin direktoru Aləmzər İbrahimova böyük ədibin Azərbaycan ədəbiyyatının və mətbuatının inkişafına verdiyi mühüm töhfələrdən söz açıb. Deyib ki, C.Məmmədquluzadə məktəbdə muzey yaratmaqla ölkəmizdə muzey işinin əsasını qoyub. Ədibin Bakı və Tiflis şəhərlərində də ev-muzeylərinin, Nehrəm qəsəbəsində isə xatirə muzeyinin fəaliyyət göstərdiyini deyən direktor diqqətə çatdırıb ki, bu gün muzeylər onun ədəbi irsini və ictimai fəaliyyətini dərindən öyrənib təbliğ etməklə özlərinin mənəvi borclarını yerinə yetirməyə çalışırlar.
Sonra Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli və muzeyin baş elmi işçisi Nərmin Nuriyevanın çıxışları dinlənilib.
Sonda tədbir iştirakçıları muzeydə ədiblə bağlı yaradılmış guşə ilə tanış olublar.