Zəngilan rayonunun Alıbəyli kəndinin yenidən qurulması ilə bağlı işlərə başlanılıb. Bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib. Xidmət kəndin konseptual layihəsini də təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfəri zamanı Alıbəyli kəndinin təməlini qoyub.

Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilib. Layihələndirilən ərazinin sahəsi 170,3 hektardır.

Layihəyə 498 fərdi ev və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlər daxildir. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır.

Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman-sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. Tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Həmçinin ümumilikdə 160 yerlik iki uşaq bağçası da tikiləcək.