Fevralın 22-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində görkəmli bəstəkarlar, Xalq artistləri Süleyman Ələsgərov və Şəfiqə Axundovanın 100 illik yubileyləri münasibətilə tədbir keçirildi.
Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov tədbiri açaraq hər iki sənətkarın yaradıcılıq fəaliyyətləri dövründə bir-birindən maraqlı əsərlər yazdıqlarını və musiqi mədəniyyətimizi zənginləşdirdiklərini bildirdi. Diqqətə çatdırdı ki, S.Ələsgərov erkən çağlardan xalq yaradıcılığına dərin maraq göstərib. Onun özünəməxsus üslubu, fərdi yaradıcılıq prinsipləri olub. Bu o zaman Üzeyir Hacıbəylinin də diqqətini cəlb edib. Buna görə də 19 yaşlı Süleyman Ələsgərov 1943-cü ildə dahi bəstəkarın zəmanəti ilə Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Şəfiqə Axundovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışan direktor dedi ki, bəstəkarın əsərləri bu gün də ölkəmizdə və xaricdə möhtəşəm konsert salonlarında uğurla səslənməkdədir. Ş.Axundova bir sıra dram tamaşalarına musiqilərin, “Gəlin qayası” operası, “Ev bizim, sirr bizim” operettası, mahnı və romanslar, habelə orkestr üçün rəngarəng əsərlərin müəllifidir.
Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Süleyman Ələsgərovun geniş yaradıcılıq imkanlarından danışdı. Qeyd etdi ki, insanların arzu və istəkləri, xüsusilə təbiət lövhələrinin tərənnümü onun bəstələrində xüsusi yer tutur. Görkəmli sənətkar qədim və zəngin tarixə malik xalq musiqimizin ən gözəl ənənələrini öz yaradıcılığında əks etdirib. Z.Qafarova həmçinin Ş.Axundovanın yaradıcılığının musiqisevərlər tərəfindən daima maraqla qarşılandığını diqqətə çatdırdı.
Xalq artisti Şəfiqə Eyvazova Süleyman Ələsgərovun insani keyfiyyətlərindən, xüsusilə tələbələrinə qayğı ilə yanaşmasından danışdı. Dedi ki, məhz onun təşəbbüsü və qayğısı ilə Azərbaycan Milli Konservatoriyasına gəlib. Xalq artisti Şəfiqə Axundova isə çoxsaylı mahnıları ilə həm özünün, həm də dinləyicilərin qəlbini ovundurub.
Xalq artisti Ağacəbrayıl Abasəliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov və başqaları da hər iki sənətkarın yaradıcılıq yolundan bəhs etdilər.
Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri kafedrasının müəllim və tələbələrinin ifasında yubilyar bəstəkarların əsərləri səsləndirildi.
Sonda S.Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
S.Fərəcov