Fevralın 22-də görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim, Xalq artisti, professor, “Şöhrət” ordenli Süleyman Ələsgərovun 100 yaşı tamam olur.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində tədbir keçirilib.
Görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunan tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Tədbirdə Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova, muzeyin direktor müavini, Süleyman Ələsgərovun tələbəsi olmuş Təranə Zeynalova unudulmaz musiqiçi ilə bağlı xatirələrini bölüşüblər.
Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə müəllimi Sevda Qurbanzadə görkəmli bəstəkarın həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər ziyalı kimi ictimaiyyət arasında nüfuzu və pedaqoji fəaliyyəti barədə söhbət açıb.
Tədbir Sevda Qurbanzadənin sinfinin şagirdlərinin ifalarında Süleyman Ələsgərovun, Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edib.
Musiqi ifaları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.