Vaqif Bəhmənli
“Çağdaş” nəşriyyatı istedadlı şair Vaqif Bəhmənlinin “Hamı” adlı kitabının nəşrə hazırlığını başa çatdırmışdır. Kitab bu günlərdə istəkli oxucuların ixtiyarına veriləcək. “Hamı” kitabı Vaqif Bəhmənlinin son illərdəki maraqlı yaradıcılıq axtarışlarının yekunu olmaqla bərabər, çağdaş Azərbaycan poeziyasında baş verən estetik prosesləri izləməyə də imkan yaradır. Kitabın bölmələri “O”, “Mən”, “Sən”, “Biz”, “Siz”, “Onlar”, “Hamı”, “Söz” və “Nöqtə” adlanır.
Kitabdan iki şeiri təqdim edir və inanırıq ki, “Hamı” hamının xoşuna gələcək.
“Mədəniyyət”
* * *
Qurban
Allah, sənə qurban, keç günahımdan! (dua)
Qızarır müqəssir canın harayı
Gözüm qarmaq gəzir asılmaq üçün.
Haçan ki, yetişir qurbanlıq ayı
Boğazım udqunur kəsilmək üçün.
Tanrı qar-yağışı yanaşı tökür;
Bəlkə günah yuyub deyir ki, ayıl?
Qışqırıb içimdə göz yaşı tökür
İbrahim babanın oğlu İsmayıl?
Lüləyən dalınca yüyürür uşaq,
Ləyəndə salavat suyu çırpınır.
Milyard müsəlmanın əlində bıçaq,
Dizinin altında qoyun çırpınır.
Deyimmi haradı sürünün üzü? -
Matəm qırımına, toy qırımına...
Fələk necə dözür, göy necə dözür
Dilsiz qoyunların soyqırımına?
Günah var, Allah da adını bilmir,
Günahın atası şeytan adamdı!
Heç çoxu qoyunun dadını bilmir,
Yazıq canavarın adı beddamdı.
İştaha dişiylə yazılan qanun
Nə tanrılıqdı, nə Quranlıq, qoyun!
Axırda dünyanı tutacaq qanın,
Sənə qurban olum, qurbanlıq qoyun!
Sanki qisas alır gora tələsən,
Kimsə yox günahsız dəfn olunmağa.
Dünən anasının əmcəyin kəsən
Bu gün qoç kəsdirir əfv olunmağa.
Allahın min dürlü buyruğun qoyub
Qoyun quyruğundan yapışdıq nədən? -
Çünki şoralanır ağzının suyu,
Ət üçün quzu tək mələyir bədən.
Əməli məzhəkə, işi oyunlar,
Bu Məmməd, bu Nəsir, həsir kişilər...
Qurbana yaramır dişi qoyunlar,
Kişi qoyunları kəsir kişilər!
Qoyun hara qoysun yazıq canını,
Nə mərhəmət umaq de, səndən, Allah?
Yaşatmaqçün bir mif qəhrəmanını
Milyard baş üzülür bədəndən, Allah!
İsmayıl dirilib yoxdan içimdə...
Ona toxunmayın, qoyun yaşasın!
Hönkürüb ağlayır çoxdan içimdə,
Deyir:
- Məni kəsin, qoyun yaşasın!
2010
* * *
Gecdi, oğlum, evə qayıt
Dən Allahdan, biz dəngüdən -
ovcumuzda, əlimizdə...
Sən anadan olan gündən
dörd söz bitib dilimizdə:
- Gecdi, oğlum, evə qayıt!
Bikir olsaq, cəm olarsan,
yol qıçını yorar, dedik.
Qarda sətəlcəm olarsan,
istidə gün vurar, dedik...
- Gecdi, oğlum, evə qayıt!
Qonaq gəlsə əmin, dayın
səni onlara tayladıq.
Həyətdə futbol oynayıb
tərləyəndə harayladıq:
- Gecdi, bala, evə qayıt!
Boşqab düzdük sevə-sevə;
solur süfrəmiz qurulu,
Cəmi məktəb döndü evə,
gör haçandı zəng vurulub:
- Gecdi, oğlum, evə qayıt!
Çox dolandın çöl içində;
ələ gəlməz tək qovduğun.
Bəsdi batdın gül içində,
yetər kəpənək qovduğun...
- Gecdi, oğlum, evə qayıt!
Allah bizə oğul verdi,
ayrılıq da verdi nədən?
Çağırırıq otuz ildi
örtülməyən pəncərədən:
- Gecdi, oğlum, evə qayıt!
Ana qəmi anadildi,
ata fikri qoşun kimi.
Ötür ata, ana dil-dil
İsaq-Musaq quşu kimi:
- Gecdi, oğlum, evə qayıt.
Sim-sim olur damarda qan -
çəkibən dara, gedirsən.
Nəfəs kimi qopub candan
baş alıb hara gedirsən? -
- Gecdi, oğlum, evə qayıt!
Əzəl gündən qəlbin yuxa -
heç işini pisləmirəm
Gəlib görərsən ki, yoxam
pis olarsan,
istəmirəm...
- Gecdi, oğlum, evə qayıt!
Atam hanı, anam hanı
Onlar ruhdu,
kölgəsi yox.
Gəl deməyə adam hanı,
Dön deməyə özgəsi yox:
- Gecdi, oğlum, evə qayıt!
Fəndgir fələk amansızdı -
murad vermiş,
at verməmiş.
Öz qəbrimi özüm qazdım...
Dar məzarım çat verməmiş
gecdi, oğlum, evə qayıt!
2010