Leopold Rostropoviç Azərbaycanda violonçel məktəbinin yaranmasına mühüm töhfə verib

 

Dünyaşöhrətli violonçelist Mstislav Rostropoviç deyirdi ki, atam mənim ilk müəllimim və dostumdur. 7 yaşında violonçeldə ifaya başladığıma baxmayaraq, mən onun dərslərini ömrüm boyu xatırlayıram, mən ifa etməyə tənbəllik edirdim, daha çox atamın ifasını dinləməyi xoşlayırdım. O hərtərəfli musiqiçi idi...

Görkəmli violonçel ifaçısı, dirijor, pedaqoq Saratov və Azərbaycan konservatoriyalarının professoru Leopold Rostropoviçi anadan olmasının 132-ci ildönümündə yad edirik.

Leopold Rostropoviç 1892-ci il fevralın 26-da Voronejdə anadan olmuşdu. Atası Vitold Rostropoviç Peterburq Konservatoriyasında təhsil almış və Voronejə işləməyə gələn istedadlı musiqiçi idi. Leopold kiçik yaşlarında atasından fortepianoda ifa etməyin, musiqi  bəstələməyin yollarını öyrənirdi, lakin onun peşəkar gələcəyini violonçelist Aleksandr Lukiniçlə görüşü müəyyən etdi. Çex əsilli musiqiçi, Rusiyanın musiqi sənətində aparıcı rola malik olan A.Lukiniç V.Rostropoviç ilə bir ansamblda ifa edirdi. Məşqlərdə iştirak edən Leopold violonçel alətinə heyran olur. A.Lukiniç ona violonçeldə ifa etməyi öyrətməyə başlayır.

1904-cü  ildə 12 yaşlı Leopold konsertlərdə çıxış etməyə başlayır. Onun yüksək eşitmə qabiliyyəti, gözəl yaddaşı və artistizmi vardı. Əgər zalda tamaşaçılar çox olurdusa, o daha da yaxşı ifa edirdi. 1905-ci ildə atası onu Peterburq Konservatoriyasına imtahan verməyə aparır. Leopoldun ifasına Peterburq violonçel məktəbinin rəhbəri Aleksandr Verjbiloviç qulaq asır və onu öz sinfinə götürür. Leopold fortepiano ilə də məşğul olmağı  qərara alır və Anna Yesipovanın sinfinə qəbul olunur. Görkəmli pianoçu və pedaqoq olan Anna Yesipova tələbələrini xüsusi tələbkarlıqla seçməyinə baxmayaraq, Leopolda etiraz etmədi. Çünki o, təkcə violonçeldə deyil, fortepianoda da peşəkar səviyyədə ifa edirdi. L.Rostropoviç sonralar deyirdi ki, fortepiano hər bir peşəkar musiqiçinin təkmilləşməsi üçün əsasdır. 

Maddi vəziyyətin yaratdığı çətinliklərə görə Leopold 18 yaşından dərs deməyə başlayır. 1910-cu ildən N.Bıstrov adına Peterburq Musiqi məktəbində müəllimlik edir. Həmin il konservatoriyanı qızıl medalla bitirən L.Rostropoviç qastrol səfərlərinə çıxır. Bir çox şəhərlərdə, o cümlədən də Parisdə uğurlu çıxışı haqqında fransız və ingilis mətbuatında məlumat verilir. “Violonçelist solist – L.Rostropoviç” başlıqlı xüsusi reklam bukleti buraxılır.

Konsert turnelərindən biri L.Rostropoviçi Orenburqla  bağlayır. Buradakı konsertlərin birində o, istedadlı musiqiçi Sofya Fedotova ilə tanış olur. İki gənc arasında yaranmış  məhəbbət tezliklə onların ailə qurmasına səbəb olur. Saratovda qızları Veronika dünyaya  gəlir.

1925-ci ilin ortalarında  görkəmli bəstəkarımız Üzeyir Hacıbəyli L.Rostropoviçi Bakıya, Azərbaycan Dövlət Konservatoriyasına (ADK) işləməyə dəvət edir. Burada violonçel sinfində dərs deməyə başlayan L.Rostropoviç Azərbaycanda professional violonçel məktəbinin yaranmasına əvəzolunmaz töhfələr verib. O, ADK-nın nəzdində ilk simli kvarteti yaradanlardan biri olub. Kvartetin üzvləri Y.Eydlin, H.Simberov, V.Adamski və L.Rostropoviç idilər. Konservatoriyada L.Rostropoviçin çoxlu tələbələri vardı. Onlardan görkəmli Azərbaycan bəstəkarı A.Zeynallının, eləcə də Ə.Kərimov, H.Veysov, Ə.Daşdəmirov, Q.Krupkinin və başqalarının adlarını çəkmək olar.

Həyat yoldaşı, gözəl pianoçu Sofya Nikolayevna da 1929-1931-ci illərdə ADK-da Fortepiano fakültəsində dərs deyib. Bakıda yaşadığı dövrü L. Rostropoviç həyatının ən maraqlı illəri hesab edib. Qeyd edək ki, o ilk dəfə Bakıda 1914-1916-cı illərdə olmuş, burada konsertlərlə yanaşı, xüsusi dərslər də vermişdi.

1927-ci il martın 27-də Rostropoviçlərin oğlu Mstislav Rostropoviç dünyaya gəlir. Evdə olan musiqi ab-havası, S.Fedotova və L.Rostropoviçin gözəl ifası Mstislavın hələ kiçik yaşlarından musiqini sevməsinə səbəb olur. Uşaqlarının daha da yaxşı musiqi təhsili alması fikri ilə Rostropoviç ailəsi 1931-ci ildə Bakıdan Moskvaya köçür. Orada  L.Rostropoviç tez-tez konsertlər verir və Qnesinlər adına Musiqi liseyində dərs deyir.

Müharibə başlayanda (1941) ailəsi ilə birlikdə Orenburqa köçür. 1942-ci ildə Leopold ağır xəstələnir. Müharibə səbəbi ilə dərman tapılmadığına görə ürək xəstəliyini müalicə etmək mümkün deyildi. Öləcəyini hiss edən Leopold həyat yoldaşına və uşaqlarına vəsiyyətini açıqlayır. O, ailəsinə nə qədər maddi çətinlik yaşasalar da violonçeli və royalı satmamağı, Slavanın S.Kozolupovdan violonçel dərsləri almasını tapşırır. Leopold Rostropoviç 31 iyul 1942-ci ildə Orenburqda ürək tutmasından vəfat edir...

Azərbaycan musiqi sənəti tarixində mühüm töhfələri olan Rostropoviçlərin xatirəsi onların Bakıdakı evində 1998-ci ildə yaradılan muzeydə yaşadılır.

Rəhimə Həsənova
L. və M.Rostropoviçlərin Ev-Muzeyinin elmi işçisi