Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişaf Fondu ilə Mədəni İrs Agentliyinin nümayəndələri Böyük Britaniyada işgüzar səfərdə olublar. Görüşün nəticələrinə görə, Özbəkistan muzeylərinin unikal nümunələri Londonda sərgilənəcək.
Səmərqənddəki Əfrasiyab muzeyinin səfir salonundakı divar rəsmi, Vərəxşi sarayının Qırmızı salonundakı divar rəsmi, Soqdiana (Amudərya və Sırdərya çayları arasında Zərəfşan vadisində yerləşmiş qədim tarixi vilayət) dövrünə aid digər qiymətli eksponatlar Britaniya Muzeyinə gətiriləcək. “İpək Yolu” sərgisi Seynsberi qalereyasında açılacaq.
Britaniya Muzeyi dünyanın ən nəhəng və ən çox ziyarətçisi olan muzeylərindəndir. Hər il buranı 5-6 milyon adam ziyarət edir. Muzeyin ekspozisiyası ümumi uzunluğu 4 kilometrə çatan 94 qalereyada yerləşdirilib.
Gülcahan