Niderlandın Haaqa şəhərindəki Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında anım mərasimi keçirilib.
Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və Türkiyə diplomatları, Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Abidənin yanında Xocalı soyqırımında ermənilər tərəfindən öldürülmüş 63 uşağın xatirəsinə plakat da qurulub. Mədəniyyət dərnəyi nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdləri plakatda hər bir uşağın adı qarşısına qırmızı qərənfil düzüblər.
Xatirə tədbiri daha sonra Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı birləşmələri tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılmış 3 azərbaycanlı əsirdən bəhs edən “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli filmin nümayişi ilə davam edib. Film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilati dəstəyi ilə hazırlanıb.
Türkiyə səfiri Selçuk Ünal və Azərbaycan səfirliyinin müşaviri Nurlan Əliyev, Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın, Xocalı sakini, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist Səriyyə Cəfərova, tədqiqatçı-yazıçı Henri Van Rens çıxış ediblər.
Qeyd edək ki, Haaqa şəhərində Xocalı abidəsi 2008-ci ildə qoyulub. Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin layihəsi olan memorial 2020-ci ildə daha geniş əraziyə köçürülüb.