Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadənin (1919–1998) 105 illiyi münasibətilə şəxsi arxiv fondu yaradılıb.
Fonda sənətkarın şəxsi fotosənədləri, diplom və fəxri fərmanları, haqqında qəzet və jurnal materialları daxil edilib.
Şəxsi arxiv fondunda yer alan sənədlər Tofiq Tağızadənin kürəkəni, Əməkdar artist Firdovsi Atakişiyev, eləcə də ayrı-ayrı kinematoqrafçılar tərəfindən təhvil verilib.
Tofiq Tağızadə milli kino sənətimizdə xüsusi yeri olan “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər ekran əsərlərinin quruluşçu rejissoru olub.