Süni intellektlə yaradılmış əsərlər sərgilənib

 

Fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində eyniadlı tədbir təşkil edilib.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Milli Konservatoriyası və “Cadenza” orkestrinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov və “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxış ediblər. Qeyd olunub ki, faciədən 32 il ötməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Lakin 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu yerlərdə ədaləti bərqərar edib. Faciədən illər ötsə də, Azərbaycan xalqı bu hadisələri heç zaman unutmayacaq və gələcək nəsillərə ötürəcək.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov vurğulayıb ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan Ordusu tarixi Qələbəyə imza atıb. Nazir müavini diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis  fevralın 26-sının “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə isə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Xocalı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası geniş şəkildə həyata keçirilir.

Mərasimdə Xocalıda donmuş ananın qucağında vəfat etdiyi güman edilən ikiyaşlı körpə Kübra Mahmudova və onu xilas edən Əsəd Fərəcov haqqında videogörüntülər göstərilib.

Tədbir çərçivəsində “Xocalıya ədalət gənclərin gözündə” adlı süni intellekt müsabiqəsinin sərgisi də nümayiş olunub. Sərginin məqsədi süni intellektdən istifadə edərək Xocalı soyqırımını gənclərin yaddaşına həkk etməkdir. Münsiflər heyətində məşhur fotojurnalist Reza Deqati də yer alıb. Müsabiqədə I, II və III yerə layiq görülən və fərqlənən gənclər təltif olunub.

Sonda “Cadenza” orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi konsert proqramı ilə çıxış ediblər.