Ulularımız Yeni günün – Novruzun gəlişini səbirsizliklə gözləyər, bayramqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar. Novruz öncəsi çərşənbələr (Su, Od, Yel, Torpaq) özlüyündə dünyanın dörd ünsürdən yaranmasını ehtiva edir.
Fevralın 27-si ilaxır çərşənbələrdən birincisi, Su çərşənbəsi idi. Mifik təfəkkürdə su dünyanın özülü, həyatın başlanğıcı, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır.
Əski zamanlarda Su çərşənbəsində insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, “azarım-bezarım suya” deyib onun üzərindən atlanar, bulaq başında niyyət edərdi. Eyni zamanda suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər. Təəssüf ki, bu gün yurdumuzda çərşənbələr, yüzillər öncə olduğu kimi, bütün ənənələri ilə qeyd edilmir. Çağdaşlaşma, şəhərləşmə kimi səbəblər hər nə qədər üstün gəlsə də, folkor irsini yaşatmaq gərəkdir.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Mingəçevir şəhərində Novruz bayramının müjdəçisi Su çərşənbəsi təntənə ilə qeyd edilib. Kür çayının qırağında, “Sahil” parkında keçirilən mərasimdə Mingəçevir Dövlət Dram Teatrının təqdimatında tamaşa nümayiş etdirilib. Bundan əlavə, çoxəsrlik adət-ənənələrimizi özündə əks etdirən oyunlar, “Teşti” və “Nargilə” folklor ansambllarının çıxışları maraqla qarşılanıb. Musiqi məktəbi müəllimlərinin xalq çalğı alətlərində çıxışları, uşaq incəsənət məktəbi şagirdlərinin rəqs nömrələri şənliyə əlavə rəng qatıb.
Düşmən tapdağından qurtulmuş yurd yerlərimizdə – Qarabağ və Şərqi Zəngəzurun da folklorunda Novruz ənənələrinin xüsusi yeri olub. İnanırıq ki, o yerlərə soydaşlarımızın qayıdışı həmin ənənələrin bərpasına da zəmin olacaq.
Yenidən qurulan Füzuli şəhərinin sakinləri də illər sonra Su çərşənbəsini doğma yurdda qeyd edblər. Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə şagirdlər tərəfindən hazırlanan səhnəciklər maraqla qarşılanıb.