26–27 fevral tarixlərində paytaxtdakı 276 və 284 nömrəli tam orta məktəblərin şagirdləri Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər.
Məktəblilər “nağıl otağı”nda səsli Azərbaycan nağıllarını dinləyib, yeni nağıl kitabları ilə tanış olublar. Nağılları dinlədikdən sonra kitabxanaçıların iştirakı ilə sual-cavab ediblər.
Daha sonra məktəblilərə fərqli uşaq ensiklopediyaları haqqında qısa məlumat verilib. Həmçinin Azərbaycanın görkəmli pedaqoq, ədəbiyyatşünas, maarif fədaisi F.Köçərlinin uşaqlara həyat və təbiət haqqında məlumat verən “Balalara hədiyyə” kitabı haqqında söz açılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Ekskursiyanın keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.