Ölkənin turizm obyektlərinin, mehmanxana və mehmanxana tipli obyektlərin yay mövsümü ilə bağlı Mədəniyyət və Turizm, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları tərəfindən aparılmış monitorinqin nəticələri məlum olub.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»yə uyğun olaraq aparılan monitorinq 38 şəhər və rayonu (Tərtər, Bərdə, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Xaçmaz, Qusar, Quba, Şabran, Xızı, Sumqayıt, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar) əhatə edib.
   Monitorinqdə bölgələrin mövsümə hazırlıq səviyyəsi ümumən qənaətbəxş hesab edilib. Lakin mövsümdən əvvəl marketinq və reklam işinin düzgün qurulmaması obyektlərdə illik dolum səviyyəsini xeyli aşağı salır (təqribən 30%). Bu mövsüm regionlardakı mehmanxanalarda qiymətlər ötən illə eyni səviyyədə qalıb.
   Monitorinq komissiyası araşdırmaların nəticəsi olaraq bir sıra nöqsanları aşkarlayıb.
   Yerlərdə bir çox mehmanxanalar və onlara bərabər tutulan yerləşdirmə obyektləri, onların sahiblərinə dəfələrlə müraciət olunmasına baxmayaraq, lisenziyasız fəaliyyət göstərir. Bunun səbəblərini araşdırdıqda məlum olur ki, problemlər sənədlərin çatışmazlığından qaynaqlanır (bu da həmin obyektlərin standartlara uyğun olmadığının göstəricisidir).
   Əksər obyektlərdə xidmətlərin lazımi səviyyədə olmaması müşahidə olunur. Sahibkarlar işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına maraq, bu istiqamətdə təşəbbüskarlıq göstərmir, hətta nazirlik tərəfindən təşkil olunan treninqlərə də laqeyd yanaşırlar. Bəzi mehmanxanalarda sanitar-gigiyenik vəziyyət o qədər də qənaətbəxş deyil, personalın müvafiq geyim dəstlərinin olmaması faktları aşkar olunub. Baxış keçirilən bölgələrdə lisenziyasız fəaliyyət göstərən yerləşdirmə obyektlərinin əksəriyyəti həm primitiv şəkildə tikilib, həm də bu obyektlərdə çalışanların peşə hazırlığı zəifdir.
   Nazirlik qeyd olunanları əsas tutaraq, turizm sahəsində əldə olunan təcrübəyə istinad edərək, həmçinin bu sahədə yüksək nəticələr əldə etmiş ölkələrin iş prinsiplərini öyrənərək bölgələrdə mövcud problemlərin aradan qaldırılması üçün müəyyən tədbirlər görməyi qərara alıb.
   Belə ki, lisenziya müddəti bitmiş və monitorinq nəticəsində yeni aşkar edilmiş mehmanxanalarla bağlı onların rəhbərlərinə xəbərdarlıq məktubu göndərilib. Məktubda qeyd olunan müddət başa çatdıqdan sonra nazirliyə müvafiq sənədlərlə müraciət etməyən mehmanxanaların siyahısı tədbir görülməsi üçün aidiyyəti qurumlara təqdim ediləcək. Həmçinin fəaliyyətində sanitar-gigiyenik normaları pozan bir neçə obyektlə bağlı tədbir görülməsi üçün Səhiyyə Nazirliyinə müraciət göndərilib. Ciddi nöqsanlar olan 2 obyektin lisenziyasının fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə dayandırılıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar