Dekorator Şənol Əhmədov: “Kinopavilyonda ikimərtəbəli villa da qurmuşuq...”
Filmlərimizdə yer alan saraylar, kiçik otaqlar, təbiət mənzərələri və digər təsvirlər, hadisələr qədər olmasa da, yaddaşlarda iz qoyur. Onların əksəriyyəti “Azərbaycanfilm” kinostudiyasının dekorasiya sexində hazırlanıb. Həmin dekorasiyalar filmlərimizlə bağlı yaddaşımızı təzələyir, kinosevərlərə nostalji hisslər yaşadır.
Hər gün redaksiyamızın yerləşdiyi Dövlət Film Fonduna gələndə bizi binanın həyətində vaxtilə filmlərimizdə yer alan müxtəlif dekorasiya nümunələri qarşılayır: tramvay, kiçik yük maşını, “Korolevski” markalı divan, cürbəcür texniki avadanlıqlar. Bu günlərdə onların sırasına yeni əlavə olunmuş üç fayton diqqətimi çəkdi.
Dövlət Film Fondunun beş addımlığında yerləşən dekorasiya sexi vaxtilə “Azərbaycanfilm”in Dekorativ-texniki xidmətlər şöbəsi kimi fəaliyyət göstərib. Hazırda sex işini sərbəst sifarişlər əsasında davam etdirir...
Onu illərdir burada görsəm də, adını heç vaxt bilməmişəm. Qışın soyuğunda, yayın qorabişirən çağında nəsə hazırlayır, yonur... Sexin qapısını döyüb içəri daxil oluram. Yanındakı bir nəfərlə hansısa detalı müzakirə edir. “Bir dəqiqə gözləyin, indi gəlirəm” deyir. Mən də fürsətdən istifadə edib buradakı avadanlıqlara nəzər yetirirəm. Divarda müxtəlif illərdə hazırlanmış böyük plakatlar var. Güman ki, vaxtilə siyasi motivli filmlər üçün hazırlanıb.
Nəhayət, həmsöhbətim gəlir və özünü təqdim edir: Şənol Əhmədov. İlk olaraq bayırdakı faytonları xəbər alıram.
– Bu faytonları siz hazırlamısınız, yoxsa təmir üçün gətirilib?
– Hacı Zeynalabdin Tağıyev haqqında film (Bakı Media Mərkəzinin layihəsi olan “Himayədar” çoxseriyalı filmi – red.) çəkilirdi. Bu faytonlar da həmin filmin çəkilişlərində istifadə olunub. Onları biz hazırlamamışıq. Bəzi hissələrində problemlər var, onları aradan qaldırıb çəkilişi həyata keçirən şirkətə qaytaracağıq.
– Sexdə işlər necə gedir?
– 1986-cı ildən bu sexdə çalışıram. Vaxtilə kinostudiyanın balansında idi, hazırda icarəyə verilib. Biz də burada müstəqil çalışırıq. Əsasən, televiziya kanalları üçün dekorasiyalar hazırlayır, eyni zamanda reklam işləri üçün dekorlar düzəldirik.
– Siz həm restavrasiya edir, həm də müxtəlif məhsullar hazırlayırsınız?
– Bəli, burada çalışan ustaların hamısı bacarıqlıdır və iş təcrübəsinə malikdirlər. Son 40 ilə yaxın müddətdə çəkilən filmlərimizin dekorasiyasında bizim də əməyimiz var. Mən işimi çox sevmişəm. Bu iş həddindən artıq maraqlıdır. Buranın xırda bir daşı da mənə əzizdir.
– Ən son hansı filmdə çalışmısınız?
– Ən son işlərimiz rejissorlar Asif Rüstəmovun “Mərmər soyuğu” və Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmləri üçün olub.
– Peşəniz necə adlanır?
– Biz dekoratoruq. Bu peşənin sahibləri digər sahələrdən də xəbərdar olmalıdır. Misal üçün, elektrik işi, dülgərlik, rəssamlıq və s. Bu sahədə ənənələrin sıradan çıxmasına təəssüf edirəm. Vaxtilə biz Xalq rəssamı Rafiq Nəsirovun rəhbərliyi altında çalışırdıq. Zaman dəyişir, müasir yanaşmalar tətbiq olunur...
– Deməli, əsas işbirliyi rəssamla olur.
– Rəssam rejissordan sifarişi alır, sonra biz işə başlayırıq.
– Həm pavilyon, həm də açıq məkan dekorasiyaları hazırlayırsınız?
– Bəli, məsələn, pavilyon və naturada çəkiliş üçün biz hissələri düzəldib quraşdırırdıq. Dekorasiyaların formaları sexdə taxtadan və digər tikinti materiallarından düzəldilir. Daha sonra pavilyonda quraşdırılaraq üzərində lazım olan bəzək işləri görülür. Seximiz hər cür mürəkkəblikdə olan pavilyonda, qapalı məkanlarda və ya təbiət qoynunda yerləşdirilməsi nəzərdə tutulan dekorların tikintisini həyata keçirməyə imkan verir.
– Bəs təkrar emal olurmu? Məsələn, bir film üçün işlənmiş dekoru digər film üçün cüzi dəyişiklik edib istifadə etmək mümkündürmü?
– Bəli, film sənayesinin çiçəkləndiyi dövrdə, ildə bir neçə filmin çəkildiyi zamanlarda olub.
– Ən maraqlı dekorunuz hansı olub?
– Mənim üçün bütün işlərim maraqlıdır. Amma bir neçə gün əvvəl antik bir stul sifariş vermişdilər, düzəltdim və bəyənildi. Daha böyük işlərimizdən Yavər Rzayevin 2015-ci ildə çəkdiyi “Xeyirlə Şərin rəqsi” filmi üçün pavilyonda ikimərtəbəli dekorasiyanı qeyd edə bilərəm. Birinci dəfə idi ki, biz pavilyonda ikimərtəbəli villa qururduq. Çəkiliş zamanı hər iki mərtəbəsindən istifadə olundu.
– Burada çalışdığınız illər ərzində filmlərin çəkiliş prosesi ilə bağlı, yəqin ki, maraqlı xatirələriniz olar...
– Etiraf edim ki, mənim xatirə danışmaq qabiliyyətim yoxdur. Ani olaraq nəsə yadıma düşərsə, deyərəm. Amma hansısa hadisəni yadıma salım, danışım, bunu bacarmıram.
– Yaxşı, onda sualı belə qoyaq. Ən çox sevdiyiniz film hanısıdır?
– Rasim Ocaqovun filmləri. Onun yanaşması, qəhrəmanlarını çox bəyənirəm.
– Sexin həyətindəki dekorasiyalar əvvəllər harada saxlanılırdı?
– Burada anbarlar vardı. Dekorasiyalar şitlərdə qorunub saxlanılırdı. Təsəvvür edin, “O olmasın, bu olsun” filmindən bu yana bütün dekorasiyalar həmin anbarlarda qorunurdu. Ölçüsündən asılı olmayaraq, qapı-pəncərələr və s.
– Bəs necə oldu?
– Lazımsızlar atıldı, yararlı olanlar laboratoriyanın binasında qorunur. Dekorasiya gərək günəşdən, küləkdən, yağışdan qorunsun.
– Həyətdəki tramvayın tarixçəsi haqda nə bilirsiniz?
– Onu da biz düzəltmişik. O vaxt “İkarus” avtobusları vardı, ondan hazırlamışıq. Ulu öndər Heydər Əliyevə həsr edilən film üçün düzəltmişdik. Bu tramvaydan sonralar televiziyalar, əsasən, Yeni il şənliklərində istifadə edirdilər.
– Bəs yük maşını?
– 1990-cı illərin sonlarında polyaklar Bakıda film çəkirdilər. XX əsrin əvvəllərini əks etdirən həmin filmdə istifadə olunub. Biz o maşının taxta konstruksiyalarını hazırlamışdıq.
***
Həmsöhbətimə təşəkkür edib redaksiyaya yollanıram. Onu da qeyd edim ki, sexdə eyni zamanda teleseriallar, musiqi klipləri, reklam çarxları, televerilişlər, mədəni-kütləvi tədbirlər, təqdimat mərasimləri, sərgilər üçün də dekorların hazırlanması və quraşdırılması həyata keçirilir. Sexin göstərdiyi xidmət növlərinə interyer dekorları, landşaft dekorları, xüsusi dekorlar (dəmiryol vaqonu, gəmi, helikopter və s.), maketlərin hazırlanması, rəngkarlıq işləri, üz çəkilməsi, dülgərlik işləri, işıqların quraşdırılması kimi dekorasiya işləri də daxildir. Ötən ilin yayında burada düzəldilən helikopter maketini xüsusi qeyd etmək istərdim. Həmin maket hazırda Laçın rayonunda “Hocazfil”min dekorasiyaları sırasında yer alır.
Aylar, illər ötür, həftələr dolanır. Neçə-neçə insan bu dekorasiyaların qarşısından keçir. Bəziləri xoş xatirələri yada salır, bəzilərinin isə diqqətini çəkmir. Amma bu eksponatlar özlərində kino tariximizin unudulmaz anlarını yaşadırlar.
Lalə Azəri