Qazaxıstanda 2024-cü il martın 1-dən etibarən vahid saat qurşağı tətbiq olunacaq. Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin məlumatına görə, ölkə ərazisində vaxtın hesablanması qaydası haqqında hökumətin qərarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 2024-cü il martın 1-i saat 00:00-dan etibarən bütün ölkə ərazisində vahid saat qurşağından istifadə olunacaq. Bunun üçün Astana, Almatı, Çimkənd şəhərlərinin, eləcə də Akmola, Almatı, Cambıl, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan, Abay, Jetısu və Ulıtau vilayətlərinin hakimiyyət orqanları yerli vaxtı bir saat geri çəkəcək.
İndiydədək Qazaxıstanda iki saat qurşağından istifadə olunub: UTC+5 və UTC+6. Qərb rayonları istisna olmaqla, ölkə ərazisinin əksər hissəsi UTC+6 zonasında yerləşir. Ekspertlərin fikrincə, təbii günəş vaxtı ilə uyğun gəlməyən UTC+6 saat qurşağı bioloji ritmlərə və insan sağlamlığına mənfi təsir göstərir.