Hökumə Billurinin yaradıcılığında “Təbriz” və “Araz” ən çox təkrarlanan sözlərdəndir
1946-cı ilin 12 dekabr tarixində Cənubi Azərbaycanda Milli Hökumət süqut etdikdən sonra Təbriz, Ərdəbil və digər şəhərlərdən bir çox şair və yazıçılar Şimali Azərbaycana mühacirət ediblər. Həmin mühacir ziyalılarımızdan biri də şair, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Hökumə Billuri olub.
Hökumə İbrahim qızı Billuri 3 mart 1926-cı ildə Cənubi Azərbaycanın Zəncan şəhərində dəmirçi ailəsində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib. İlk şeirini orta məktəb illərində yazır. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
H.Billuri Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb. 1946-cı ilin sonunda “21 Azər” hərəkatının süqutundan sonra Şimali Azərbaycana köçüb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub. Dövri mətbuatda müntəzəm çıxışlar edib. O, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirir. “İran Azərbaycanın realist demokratik ədəbiyyatı” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edir. Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunur.
Şair Təbrizi tez-tez yuxusunda görsə də, amma yuxuları heç zaman çin olmur. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyir. Vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrəti ilə yaşayır.
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin Vətənə, göndərin məni.
H.Billurinin şeirlərinin əksəriyyətində milli faciənin doğurduğu yaşantılar ifadə olunub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirərək kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində “Təbriz”, “Araz”, “Vətən”, “ayrılıq” ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və yaddaqalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni,
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə, Təbriz!
Çox haqsızlıqlarla üzləşsə də, faciəvi hadisələrin şahidi olsa da, yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə” deyən şair Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib.
Araşdırmalarda qeyd edilir ki, Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil edib. Şimala üz tutduğu zaman onun qarşısında geniş üfüqlər açılır. Görkəmli şair və yazıçılar: Mirzə İbrahimov, Səməd Vurğun və Süleyman Rüstəmdən daim diqqət və qayğı görür. Ədəbiyyatşünas alim Əli Sultanlı bir gün H.Bülluri ilə universitetin auditoriyasında qarşılaşır. Yaxşı yazdığını və şeirlərindən məmnun qaldığını bildirir. “Qızım, yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram”, – deyir.
H.Billuri məhsuldar yaradıcılıq yolu keçib. O, “Mənim arzum”, “Ölməz qəhrəman”, “Həyat yollarında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Səndən uzaqlarda”, “İstərəm”, “Necə unudum”, “Çinar gözləyir məni”, “Apar məni o yerlərə”, “Bir də bahar gəlsə”, “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” və s. şeir kitablarının, “1940–1960: İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoqrafiyalarının müəllifidir.
H.Billuri qələmini həm də tərcümə sahəsində sınayıb. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib.
Şair 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb. 22 noyabr 2000-ci ildə Bakıda vəfat edib.
Savalan Fərəcov