Milli Kitabxananın dövri mətbuat arxivindən (8)

 

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530-cu ildönümüdür. Dövlət başçısının müvafiq sərəncamı ilə yubiley geniş şəkildə qeyd ediləcək. Füzulinin həyatı haqqında az məlumat var, o cümlədən onun təvəllüd (1494) və vəfat (1556) tarixi ilə bağlı əlimizdə dəqiqliyinə səhih bilgilər yoxdur. Ötən əsrin ortalarında bu məlumatlar indikindən də az idi. Yəqin həm də o səbəbdən şairin vəfatının 400 illiyi ilə bağlı qərar 1958-ci ildə qəbul olunmuşdu.

Mətbuat səhifələrindən budəfəki seçmələrin biri həmin yubileyə dair qərarla bağlıdır. Yeri gəlmişkən, bu, mütəfəkkir şairimizin dövlət səviyyəsində qeyd olunan ilk yubileyi idi  və Füzuli irsinin tədqiq və təbliğinə də böyük təkan oldu. “Ədəbiyyat və incəsənət”  qəzetinin 66 il əvvəlki sayından digər seçmələrimiz də dövrün mədəni, ədəbi mühiti haqqındadır. Bu xüsusda ovaxtkı Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki məktəbdə Azərbaycan milli musiqi alətləri sinfinin olmaması barədə tənqidi qeyd də maraq doğurur...

Seçmələr qəzetdə olduğu kimi (orfoqrafiyası da saxlanılmaqla) təqdim edilir.

***

 

Məhəmməd Füzulinin vəfatının 400 illiyini keçirmək haqqında

 

Azərbaycan KP MK 1958-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının klassiki Məhəmməd Füzulinin vəfatının 400 illiyi yubileyini keçirmək haqqında qərar qəbul etmişdir.

M.Füzulinin vəfatının 400 illiyi yubileyinə hazırlıq görmək və onu keçirmək üçün Mirzə İbrahimov (Azərbaycan SSR Ali Sovetinin sədri – red.) yoldaşın sədrliyi ilə respublika komitəsi yaradılmışdır. Komitənin heyətinə yazıçılar, alimlər, bəstəkarlar, rəssamlar və başqaları daxildir.

Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibətilə 1958-ci il dekabr ayında M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında təntənəli yığıncaq keçiriləcəkdir. Yubiley bayramına qardaş sovet respublikalarından və xarici ölkələrdən qonaqlar dəvət ediləcəkdir. Azərbaycan Elmlər Akademiyasına və Azərbaycan Sovet Yazıçıları İttifaqına tapşırılmışdır ki, dekabr ayında birgə elmi sessiya keçirsinlər. Füzulinin əsərlərinin yubileyi nəşrlərinin, şairin həyatı və yaradıcılığı haqqında elmi və elmi-kütləvi ədəbiyyat nəşrinin planı təsdiq edilmişdir.

Azərbaycan SSR Mədəniyyət Nazirliyinə tapşırılmışdır ki, 1958-ci ildə “Leyli və Məcnun” adlı rəngli musiqili kino filminin çəkilişinə başlanmasını təşkil etsin. M.Füzuliyə həsr edilmiş ən yaxşı bədii əsərlər, musiqi əsərləri, habelə təsviri incəsənət əsərlərinin yaradılması üçün Azərbaycan yazıçıları, bəstəkarları, rəssamları ittifaqları ilə birlikdə müsabiqə elan etsin.

Mədəniyyət Nazirliyinə, Bakı şəhər icraiyyə komitəsinə, Azərbaycan Sovet Rəssamları İttifaqına və respublika sovet arxitektorları İttifaqına tapşırılmışdır ki, Bakı şəhərində qoyulmaqdan ötrü M.Füzulinin ən yaxşı abidəsi üçün bu ilin fevral ayında müsabiqə elan etsinlər.

Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinə təklif edilmişdir ki, M.Füzulinin vəfatının 400 illiyi münasibətilə radio və televiziya ilə xüsusi ədəbi-bədii və musiqili verilişlər təşkil etsin.

 

Azərbaycan Sovet Yazıçıları İttifaqında

 

Bu  günlərdə Azərbaycan Sovet yazıçıları İttifaqının uşaq ədəbiyyatı bölməsinin növbəti iclası olmuşdur. İclasda Mirvarid Dilbazinin “Turan çay əfsanəsi” poeması və Ələviyyə Babayevanın “Anam mənə deyir ki...” hekayəsi oxunub müzakirə edilmişdir.

Mikayıl Rzaquluzadə, Eynulla Ağayev, Hüseyn Abbaszadə, Həbibə Zeynalova, Ələviyyə Babayeva, Emin Mahmudov və Hikmət Əfəndiyev yoldaşlar çıxış edərək müasir nağıl “Turan çay əfsanəsi” poemasının maraqlı bir əsər olduğunu qeyd etmişlər. Çıxış edənlər poemanın bir qədər yığcam hala salınmasını, bir sıra dil və ifadə xətalarının aradan qaldırılmasını müəllifə məsləhət görmüşlər.

Müəllif əsəri çapa hazırlarkən bu məsələləri nəzərə alacağını bildirmişdir.

Müzakirədə çıxış edənlər Ələviyyə Babayevanın “Anam mənə deyir ki...” hekayəsinin nöqsanlarını göstərmiş və müəllifə bir sıra yaradıcılıq məsləhətləri vermişlər.

 

Gənc musiqiçilər

 

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası yanında yerləşən onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi – red.) istedadlı musiqiçi kadrları yetişdirməkdə mühüm işlər görülür. Vaxtilə bu məktəbi bitirmiş gənclərdən Nazim Əliverdibəyov, Elmira Nəzirova,  Xəyyam Mirzəzadə, Azər və Həsən Rzayevlər və başqaları hazırda respublikamızın bacarıqlı bəstəkarlarındandır.

Məktəbdə neçə illərdən bəri piano, simli və nəfəsli alətlər bölmələri ilə yanaşı, yeni başlayan bəstəkarlar üçün də xüsusi sinif təşkil edilmişdir. Bu sinifdə təhsil alan tələbələr arasında gələcəkdə bəstəkar olmağa ümid verən gənclər çoxdur. Bunlardan Afaq Cəfərova, Ədilə Rəhimova, Rəşid Əfəndiyev, Mina Quliyeva, Vəfa Əliyeva, Müslüm Maqomayev, Vladimir Gevorkov, Rasim Bədəlov və başqalarını göstərmək olar.

Məktəbi bitirənlər arasında bacarıqlı musiqiçilər vardır. Bunlardan pianoçular Akif Abdullayev, Salihə Əfəndiyeva, Bela Pavlovskaya, Eleonora Allahverdiyan və başqalarını göstərmək olar. Skripka çalan gənclərdən Rauf Adıgözəlov, Vladimir Belyakov, fleytada çalan Müzəffər Ağamalıyevin ifaçılıq qabiliyyəti yaxşıdır.

Bütün bunlarla yanaşı indiyə kimi məktəbdə Azərbaycan milli musiqi alətləri sinfinin olmaması təəccüblüdür. Halbuki gənclər arasında tar, kamança, nağara və başqa Azərbaycan musiqi alətlərində çalmağı öyrənmək istəyənlər çoxdur. Məktəbin tədris işində nəzəri cəlb edən nöqsanlı bir cəhət də burada Azərbaycan musiqisinə kifayət qədər diqqət verilməməsidir. Buna görə də məktəbi bitirənlərin əksəriyyəti Azərbaycan musiqisinin əməli və nəzəri məsələlərini yaxşı bilmirlər.

Azərbaycan SSR Mədəniyyət Nazirliyi məktəbin tədris həyatındakı bu nöqsanı aradan qaldırmaq üçün tədbir görməlidir.

“Ədəbiyyat və incəsənət” qəzeti,
1 mart 1958-ci il