Hər mənada, hər məqamda
   
   Kitabın yaradılması (istər əlyazma, istər çap formasında) öyrənilənə qədər çox izsiz-tozsuz əsrlər keçib. Bəs necə, hələ - hər şeyi öyrədən bu əzəli və əbədi “müəllim”in özü yaranmayıbsa, onu yaratmaq asanmı? İndi gör, yalnız “yaddaş”, “ağız”, “folklor” kimi şifahiliklər ümidinə qalmış həmin dövrlərdə nə qədər mədəniyyətlər, ədəbiyyatlar, sevgilər, nifrətlər it-bat olub! Bəşər-münsifin “çempion”luq rəyindən - “qızıl medal”ından yayınmış nə qədər “gümüş” -“bürünc”lük qənimətlər unudulub!
   
   Elmi dildə bir neçə dövrə bölünüb, bir neçə ad almış o azman Zamanı «dədəsindən bixəbər» bəşərin “qohum-əqrəbasından bixəbər” dövrü də adlandırmaq olar.
   Əslində, fağır yaddaş, şifahi bəşər neyləyə bilərdi, axı? Beyin axur deyil ki, bütün zamanların bütün samanlarını ora töküşdürüb, sonra da - bəlkə elə bir az da bu hacətdən - kitab-dəftərsizlik ucbatından yaratdıqları “Saxla samanı, gələr zamanı” təhqiqatına başlayaydılar.
   Kitab insana nə öyrətməyib? Bu suala “müsbət” cavab almaq üçün gərək kitabdan xəbərsiz insan axtarıb tapasan. Eləsini tapmaq isə mümkün deyil. Nədən ki, kitab oxumamış (və hələ bu gün də oxumayan!) adam olsa da, kitabdan xəbərsiz insan yoxdur.
   Deməli, kitab insana hər şey öyrədib - hətta onu oxuyanlara onun varlığı haqda oxumayanları xəbərdar etməyi də.
   Kitablardan bunu da öyrənmişik ki, bəşəri məşğuliyyətlərin hər sahəsində tarixən fəhmli, istedadlı insanlar olur. Amma istedadsızlarla müqayisədə onların sayı çox az olur; qatığa nisbət qaymaq, bütün filizlərə nisbət qızıl, kütlələrə nisbət “kəllə”lər aydınlar, ziyalılar qədər az. Bu azlar yaradır, çoxlar yarınır.
   Bu azları yazılı dövrə qədərin şifahi kitabları da adlandırmaq olmazmı? “Şifahi xalq ədəbiyyatı” deyiriksə, niyə “şifahi xalq yaradıcıları” (alimləri, şairləri, memarları, artistləri, rəssamları...) da deməyək? Belələrinin hesabına “Ölməyə Vətən yaxşı” olmayıbmı? Günümüzün sosial ölüm-dirim predmeti - enerji daşıyıcıları, onların ibtidasını alovlandıran çaxmaq daşı, hərbi-mülki xilas və məhvedicilər - ox-yay, gəc-kərpic o şifahi banilərin sayəsində yaranmayıbmı?
   Və nəhayət, o şifahi yaradıcılar “sözün qısası”nı, “hər şeyin əsası”nı, “çəkidə yüngül, vəzndə ağır”ların şahənşahını - kitabı yaratdılar ki, bunun haqqı yerdə qalan bütün maddi-mənəvi nemətlərin hamısının haqqından çoxdur.
   Axtarsaq, dünyanın bütün nəhəng fikir adamlarında kitab haqda bir zikr tapa bilərik. Amma məncə, Qurani-Kərim istisna olunmaqla, kitab haqda hələ dəyər-qədir-qədərincə bir söz deyilməyib. Yəni bir “gənclik” ömrü olan gözəllərə, bir “baharlıq” dağlara, bir “fanilik” şahlara yazılan kitab-kitab heyraniyyələr, mədhiyyələrlə müqayisədə hər “əbədiyə qəh-qəh çəkən əbədi dünya” qədər əbədi kitab özü haqda sözün gülünü dərməyə, hansı şairinsə diliycə “dərdindən ölməyə”, “dərd alıb, qəm satıb nəf eyləməyə”, “bəlayi-eşq ilə aşina qılınmağa” vaxt “tapmayıb”. Amma elə buradaca ləzzətli bir özünüinkar: “Aləmi bəzər...” kimi məsəl-mənalar “dərzi”sinin tərif-təltif libasına nə ehtiyacı?!.
   Bu hikmətlər mücrüsünün yeganə ehtiyacı budur ki, hesabına biliklənib məqam-mənsəb sahibi olanlar günaşırı, həftəaşırı, ayaşırı da bu irfan xəzinəsinin səhifələrini vərəqləyib, bir-iki məna-rəna sonalasalar, nə olar? Sonalayıb-sonulayıb görələr “Artıq tamah...” neyləyir, rahəthülğum-irahatyolğun təyyarələrdə yüz kərələrlə Həccə, Məşhədə səyyarələyərkən mütaliə edib bilələr “Əl tutmaq...” kimdən qalıb? Küçələrdə “parlamaqdan” evlərdə qarıyıb-qaralan, “Onsuz üzüm gülməz, açılmaz aynam” kimi müsibəti-şoular oxuyan bir çox gözəllərimiz hərdən bu ədəb-ərkan aynalarını da açıb görsünlər orada nə kimi “surəti-qanan”lar görünür? Axı, bu aynalarda “Görüm ayılmasın - gec ayılanlar” üçün “Yaxşı görünür surəti-məhvəşləri, ancaq...” nəsihətləri də var...
   Maraqlıdır; bu gün yalnız aydın, ağıllı adamların sevdirməyə, müxtəlif festival, yarmarka və digər tədbirlərlə imicini bərpa etməyə çalışdıqları kitablar sayəsində ixtira olunmuş radio, televiziya, video, diskoteka və digər “xana”larda çalışanların çoxusu da öz sələflərinə - kitaba, qəzetə, jurnala naxələflik edirlər. Söz düşəndə “Neyləyək?! - deyə, bir vaxt yalnız kitabdan, teatr səhnəsindən qidalandıqları “Olum ya ölüm?!” dinamikası ilə monoloq-dialoqlayırlar - “Zövq demokratiyasıdır, camaat belə şeyləri sevir, xalq şou istəyir!” deyirlər. Güllü-güllü, qəmqəşəng, gömgözəl məntiqlə belə ərz edir, lakin fərqinə varmırlar ki, bu gün qonorar və reytinq üçün mitilinə çırpdıqları Stalinizm şouları da bir vaxt (guya) xalqın “alqış”ları, “alxış”ları, on beş “qardaş”, dost respublikanın tostları ilə süslənmişdi. İndi, yaxşı, dövlət antimilli iş görənlərə, hökumət qanunsuz torpaq zəbt edənlərə, nazir «oblomovçulara», polis küçələrdə qıza-gəlinə sataşanlara dinməsin ki, xalq belə istəyir? Demokratiyadır?! Belə yaramaz, yararlı kolleqalar! O it-pişik yemi, dişqurddayıcı matahlar, daha nə bilim nələr haqda dəyqə səkkiz-mən doqquz verdiyiniz reklamların gözünə “üç gündən bir-beş gündən bir” beş-on kitab, iki-üç teatr, bir-iki qəzet də qatsanız, nə olar?
   Kitabın haqqı çoxdur, əfəndilər! Özü də, istisnasız olaraq - hamımızın boynumuzda! Düjün-düjün seriallarınızdan fərqli olan bir yalxı filmdə deyildiyi kimi, “dünyanın bütün huri-mələkləri yığılsa” da, heç vaxt “televiziya haqqı!”, “pul haqqı!”, “var-dövlət haqqı!”, lap elə “qəzet haqqı!” deyə and içilməyəcək. Amma siz də belə bir andı tez-tez eşidir və işlədirsiz: “Kitab haqqı!..”
   
   Tahir Abbaslı