Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi qeyd olundu

 

Bu il Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun (1924–1997) anadan olmasının 100 illiyidir.

Fevralın 29-da Dövlət Film Fondunda kino xadiminin yubileyinə həsr olunmuş tədbir keçirildi. Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Dövlət Film Fondunun birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə fondun foyesində sənətkarın yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq Şamil Mahmudbəyovun Azərbaycan kinosu tarixində xidmətlərindən danışdı: “Şamil Mahmudbəyovun filmləri hər birimizin yaddaşında dərin izlər qoyub. O, uşaqların dünyasını çox gözəl kəşf etmişdi. Onların dilini tapmışdı, xarakter və psixologiyalarına bələd idi. Bu səbəbdən də Şamil müəllimdə uşaq rollarının ifaçılarının siyahısı var idi. Biz bəzən film üçün aktyor axtaranda ona müraciət edirdik. Gənc yaşlarında dünyasını dəyişən, bir çox filmlərdə yaddaqalan obrazlar yaradan Ruslan Nəsirov da Şamil müəllimin tapıntısı idi”.

Cəmil Quliyev çıxışının sonunda təəssüflə qeyd etdi ki, vaxtilə Şamil Mahmudbəyovun 80, 90, 95 illik yubileylərində onunla çalışmış bir sıra sənət adamları və qohumları iştirak edərdi: “Bu gün isə bu say azalıb. Bəlkə də elə bu səbəbdən biz fondda bir çox sənətkarlarımızın şəxsi arxivini yarada bilsək də, Şamil Mahmudbəyovun arxivinə aid sənədləri tapa bilmirik. Arxivdə təkcə fotoşəkilləri qorunur”.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə rejissorun həyat və fəaliyyətindən geniş bəhs etdilər. Onun hər zaman gənclərə dəstək, yeniliklərə açıq rejissor olduğunu vurğuladılar. Həmçinin sənətkarla bağlı xatirələrini bölüşdülər.

Bildirildi ki, Şamil Mahmudbəyov II Dünya müharibəsində iştirak edib, ağır yaralanıb. Ordudan tərxis ediləndən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. 1954-cü ildə “Bakı” kinostudiyasında rejissor kimi fəaliyyətə başlayıb. Azərbaycan kinosunun klassikasına çevrilmiş onlarca bədii film çəkib. Təvazökar insan olduğundan kinostudiyada çalışdığı illərdə isə heç vaxt çoxsaylı medallarını taxmaz, veteran adından istifadə etməzdi.

Şamil Mahmudbəyovun kinoda ilk işi 1960-cı ildə çəkdiyi “Əyri yolla qazanc” adlı qısametrajlı film olub. Sonrakı illərdə o, “Romeo mənim qonşumdur” lirik komediyasını, “Qaraca qız” kinonovellasını, “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”, “Od içində” və başqa filmləri çəkib. 1969-cu ildə lentə aldığı “Şərikli çörək” filmi rejissora böyük şöhrət qazandırıb. 1970-ci ildə rejissor bu filmə görə Dövlət mükafatına layiq görülüb. Rejissor həmçinin “Mozalan” satirik kinojurnalı üçün bir neçə süjet lentə alıb. Ömrünün sonuna qədər peşəsinə sadiq qalan sənətkar “Adam” adlı son televiziya filmini tamamlamağa macal tapmayıb, 1997-ci ildə vəfat edib. Bu gün onun adı və xatirəsi kino salnaməmizə bəxş etdiyi lentlərdə yaşayır.

Daha sonra rejissorun “Adam” filminin yaradıcı heyətindən operator Nizami Abbas, aktyor Arif Kərimov və prodüser Rasim Həsənov ekran işinin çəkiliş prosesi haqqında danışdılar. Bildirildi ki, rejissorun vəfatı səbəbindən film 2010-cu ildə tamamlanaraq müəllif üslubuna toxunulmadan təqdim olunub.

Daha sonra “Adam” filmi nümayiş olundu. Balaş Abbaszadənin əsərləri əsasında Nadir Əbdülrəhmanlının ssenarisi üzərində qurulan filmdə əsas rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva canlandırıblar. Ekran əsərində Əhməd kişinin timsalında tənhalıq problemi əks olunur, insanların bir-birinə qarşı olan etinasızlığı, vəfasızlığı diqqət mərkəzinə çəkilir.

L.Azəri